İliç: "Səbuhiyə deyirik səhv eləmə, eləyir"
"Neftçi"ni təbrik edirəm. Oyun ərzində bir neçə səhvə yol verdik və bunun nəticəsində məğlub olduq".
90plus.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 26-cı turunda "Neftçi"yə (1:3) uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında səsləndirib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
"Sumqayıt" artıq 10 oyundur qalib gələ bilmir. İstefa barədə düşünürsünüz?
Bilirsiniz, mənimlə bağlı qərarı rəhbərlik verir. Hər hansı ciddi problem yoxdur. Futbolçulara tapşırıqlar veririk. Məsələn, Səbuhi Abdullazadəyə deyirik ki, mərkəzdə səhv etmək olmaz, amma bu hallar təkrarlanır.
Səbuhi Abdullazadə ilə aranızda problem var?
Xeyr, bu, yalnız Səbuhi ilə bağlı deyil. Bu gün o səhv edir, sabah başqa biri edə bilər. Bir futbolçuya deyilənləri digərləri də nəzərə almalıdır. Çünki "Neftçi" kimi komandalar belə səhvləri bağışlamır.
Komandanın "Kəpəz", "Qəbələ" və ya "Karvan-Yevlax"la oyunlarında da çıxışı qənaətbəxş deyildi. Bunun səbəbi nədir?
"Kəpəz"lə oyuna baxmısınız? Buraxdığımız qolları izlədinizmi?
Futbolçular səhv edirsə, baş məşqçinin rolu nədir?
Premyer Liqada səviyyə baxımından bizdən üstün olan 4-5 komanda var. Səhvlər nəticəyə birbaşa təsir edir. Maksimum səviyyəmizə ötən ilin noyabrında çatmışdıq. O vaxt nəticələrimiz yaxşı idi və heç kim sual vermirdi. İrəliləmək üçün addımlar atılmalı idi, lakin bəzi transferlər baş tutmadı. İndi gənc futbolçular özlərini göstərməlidirlər.
Bəs siz baş məşqçi kimi hansı səhvləri etdiyinizi düşünürsünüz?
Mənim vəzifəm komandanı oyuna hazırlamaq və səhvlər üzərində işləməkdir. Futbolda kim səhv edirsə, o da uduzur. Əsas problemimiz sadə səhvlərdən qollar buraxmağımızdır. Halbuki məşqlərdə bunun üzərində işləyirik. Amma oyunda yenə eyni səhvlər təkrarlanır. “Qarabağ”ın belə uzun müddət eyni heyətlə irəliləməsi də çətindir, rotasiya vacibdir.
Sanki Səbuhi Abdullazadə oynamaq istəmir. Onu meydana buraxmaq düzgündür?
Bu, mənə anlaşılmaz gəlir. Özüm də futbolçu olmuşam və oyunçu oynamaq istəmirsə, bunu qəbul etmək çətindir. Bu, normal deyil. Səbuhi klubun yetirməsidir və onun oynamaq istəmədiyinə inanmıram.
Rəhbərlik sizə yeni müqavilə təklif etsə, qərarınız nə olacaq?
Komanda uğur qazanmaq istəyirsə, hamı birlikdə işləməlidir. Mən demirəm ki, bütün günah futbolçulardadır, hər kəsin payı var. Amma bu məsələ barədə indi danışmaq istəmirəm, çünki vaxtı deyil.