“İmişli” və “Sabah”ın çalışdırıcılarından matçın şərhi
Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Sabah”ın “İmişli” üzərində əldə etdiyi 2:1 hesablı qələbədən sonra hər iki komandanın baş məşqçiləri oyunla bağlı fikirlərini bölüşüblər.
90plus.az hər iki çalışdırıcının fikirlərini azerisport-a istinadla təqdim edir:
Dambrauskas: “Matç penaltilərə gedə bilərdi, amma futbolçularım bunu istəmədilər”
“Sabah”ın çalışdırıcısı Valdas Dambrauskas qarşılaşmanın çətin keçəcəyini əvvəlcədən bildiklərini deyib. Litvalı məşqçi rəqiblə qısa müddətdə ikinci dəfə üz-üzə gəlməyin hər iki tərəf üçün problemlər yaratdığını vurğulayıb:
“Belə oyunlarda heç kim özünün ən yaxşı performansını tam göstərmir. İlk hissədə topa nəzarət edə bilmirdik, ikinci hissədə isə müdafiədə daha sabit oynadıq. ‘İmişli’ aqressiv idi və bunu gözləyirdik. Əks-hücumlarda kifayət qədər təhlükəli idik, amma şanslarımızı dəyərləndirməmək məni çox narahat edir. Əsas vaxtda üçüncü qolu necə vura bilmədik, hələ də təəccüblənirəm.”
Baş məşqçi penalti epizoduna qayıtmaq istəmədiyini bildirib:
“Bu barədə danışmaq belə istəmirəm, əsəbiləşirəm. VAR-ın nə gördüyü aydın deyil. Ancaq komandam sonadək mübarizə apardı və iradə göstərdi. Futbolçularımı təbrik edirəm.”
Dambrauskas yarımfinaldakı mümkün “Qarabağ” ssenarisinə isə toxunmaqdan imtina edib:
“Hələ ki, gələcəyi düşünmürəm. Qarşıda bizi ‘Neftçi’, ‘Turan Tovuz’, ardından Premyer Liqada ‘Qarabağ’ və ‘Sumqayıt’la oyunlar gözləyir. İndi fikrimiz yalnız növbəti matçlardadır.”
Kaşkilya: “Hər iki komanda keçməyə layiq idi”
“İmişli”nin baş məşqçisi Jorje Kaşkilya isə komandasının göstərdiyi oyundan razı qaldığını deyib:
“Xüsusilə ilk hissə bizi sevindirdi. Topa nəzarət etdik, yüksək pressinq tətbiq etdik. Sadəcə, qolları vura bilmədik. Əgər hesabı biz açsaydıq, hadisələr tam fərqli inkişaf edə bilərdi. Rəqibin standart vəziyyətdən vurduğu qola görə ‘Sabah’ı təbrik edirəm. Bu qol bizi bir anlıq çaşdırdı, amma tez toparlandıq.”
Portuqaliyalı mütəxəssis əlavə vaxtda vurulan bərabərlik qolunun komandada xarakter olduğunu göstərdiyini bildirib:
“‘Sabah’ güclü və keyfiyyətli futbolçulara malik komandadır. Onların ikinci qolu isə Parrisin fərdi ustalığı sayəsində gəldi. Düşünürəm ki, hər iki komanda mərhələ keçə bilərdi.”
“İmişli”nin “nağılının bitməsi” ilə bağlı sualı isə o, belə dəyərləndirib:
“Bu məğlubiyyətlər komanda üzərində neqativ təsir yaratmayacaq. Yaxşı oyun göstəririk və rəqabət aparırıq. Yolumuza davam edəcəyik.”
Qış transfer pəncərəsi barədə də danışan Kaşkilya real vəziyyəti açıqlayıb:
“Komandanı gücləndirmək istərdik, amma bazar çətindir. Biz Premyer Liqanın böyük büdcəli klubları kimi deyilik.”
O, mövsümün ikinci hissəsinə hazırlığın Bakıda keçiriləcəyini də təsdiqləyib.