“İmişli”nin çalışdırıcısı: “Oyunçularımla qürur duyuram”
“İmişli”nin baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının 10-cu turunda “Qarabağ”a 0:2 hesabı ilə uduzduqları qarşılaşmanı dəyərləndirib.
90plus.az xəbər verir ki, çalışdırıcı futbolçularının oyunundan məmnun olduğunu deyib:
“Oyunçularımla qürur duyuram. ‘Qarabağ’ kimi güclü rəqibə qarşı planımıza sadiq oynadıq. İlk hissədə meydanda nə düşündüksə, onu tətbiq etdik. İki fürsəti qaçırdıq, amma rəqibin hücumlarını yaxşı qarşıladıq.
Qol vurmaq alınmadı. İkinci hissədə ‘Qarabağ’ın təzyiqinə hazır idik, lakin iki top buraxdıq. Uduzmaq təbii ki, məyus edir, amma komandanın mübarizəsindən razıyam. Belə gücdə komanda ilə qarşılaşmaq özü bir təcrübədir.”
O, Dioqo Almeydanın əvəzlənməməsi haqda danışarkən bildirib:
“Almeyda yüksək keyfiyyətə malik futbolçudur. Topu rəqib zonasında saxlaya bilir və təhlükə yaradır. Ona görə də meydanda qalması daha doğru qərar idi.”
Kaşkilya həmçinin “Qarabağ”ın daha çox istirahət etməsinin üstünlüyü barədə sualı cavablandırıb:
“Biz daha kiçik klubuk, ‘Qarabağ’ isə böyük komanda. Onların rotasiya imkanları daha genişdir. Buna baxmayaraq, ilk hissədə yaxşı performans göstərdik.”
Penaltini Juninyonun vurmasını da izah edən mütəxəssis söyləyib:
“Bu mənim taktiki seçimimdir. Onun üçün özünəinam baxımından vacib qərar idi.”
Görüşün Qubada yox, “Azərsun Arena”da keçirilməsi ilə bağlı fikirlərini də bölüşüb:
“Orada oynasaq nə baş verərdi, bunu söyləmək çətindir. Ancaq səfərdə dörd matçın üçündə qalib gəlmişik. Güclü komandayıq və azarkeşlərimiz bizə hər yerdə dəstək olur.”
© Copyright 2025, All Rights Reserved