"İnter Mayami"də Messi şoku – 11-ci dəqiqədə oyunu tərk etdi
Şimali və Mərkəzi Amerika Liqalar Kubokunun 2-ci həftəsində ABŞ təmsilçisi "İnter Mayami" Meksika klubu "Nekaksa" ilə qarşılaşıb. Görüş əsas vaxtda 2:2 hesabı ilə başa çatıb, penalti seriyasında isə "İnter Mayami" rəqibini 5:4 hesabı ilə üstələyib.
90plus.az xəbər verir ki, MLS təmsilçisinin əsas vaxtdakı qollarını Serxio Seqoviya və Jordi Alba vurublar. "Nekaksa"nın heyətində isə qolları Badaloni və Monreal qeydə alıb.
Amma oyunda nəticədən daha çox diqqət çəkən məqam "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messinin zədələnməsi olub. Dünyaca məşhur argentinalı hücumçu matçın cəmi 11-ci dəqiqəsində zədə səbəbilə meydanı tərk edərək yerini Redondoya verib. Messi tibbi personalın müşayiəti ilə meydandan çıxıb və bu vəziyyət komandada narahatlıq yaradıb.
Matçdan sonra "İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano Messinin durumu ilə bağlı açıqlama verib:
"Sabaha qədər heç nə dəqiq bilinməyəcək. Ola bilər ki, ciddi bir şey olmasın, çünki ağrı çəkmirdi. Amma nə isə hiss etdiyini dedi" – deyə Maskerano bildirib.
© Copyright 2026, All Rights Reserved