“İnter”ə pis xəbər: Hakan Çalhanoğlu yenidən zədələndi
“İnter”in ulduz yarımmüdafiəçisi Hakan Çalhanoğlu bir daha zədə problemi ilə üzləşib. İtaliya nəhəngi futbolçunun MRT müayinəsinin nəticələrini açıqlayıb və təcrübəli oyunçunun növbəti liqa matçını buraxacağı dəqiqləşib.
90plus.az xəbər verir ki, bir müddət əvvəl zədədən qayıdan Çalhanoğlu son olaraq “Milan”a qarşı keçirilən derbidə ehtiyat oyunçular skamyasında yer alsa da, meydanda şans qazanmamışdı. Aparılan tibbi müayinələrdən sonra futbolçunun vəziyyəti ilə bağlı rəsmi açıqlama verilib.
Klubun məlumatına görə, milli futbolçunun sağ bud əzələsində gərilmə aşkarlanıb. Bu səbəbdən Hakan Çalhanoğlunun ən azı 6-7 gün yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Beləliklə, yarımmüdafiəçi martın 14-də “İnter”in öz meydanında “Atalanta”ya qarşı keçirəcəyi A Seriyası oyununda komandasına kömək edə bilməyəcək. Klub futbolçunun martın 22-də planlaşdırılan “Fiorentina” ilə qarşılaşmaya qədər hazır vəziyyətə gətirilməsini hədəfləyir.
Qeyd: Bu mövsüm “İnter” forması ilə Hakan Çalhanoğlu hə A Seriyası, həm də UEFA Çempionlar Liqası turnirlərində ümumilikdə 24 matça çıxıb. Təcrübəli futbolçu həmin oyunlarda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved