İran FIFA-dan cavab gözləyir
İran 2026 Dünya çempionatı üçün FIFA-dan cavab gözləyir.
90plus.az xəbər verir ki, İran 2026-cı ildə keçiriləcək Dünya çempionatında iştirakı ilə bağlı FIFA-dan rəsmi təminat gözlədiyini açıqlayıb.
İranın gənclər və idman naziri Əhməd Donyamali Antalyada təşkil olunan Etnospor Forumunda məsələ ilə bağlı danışıb. O bildirib ki, İran millisinin ABŞ-də keçirilməsi planlaşdırılan oyunlarını Meksikada oynamaq üçün FIFA-ya müraciət ediblər, lakin hələlik cavab almayıblar.
Nazir qeyd edib: “ABŞ-də keçirilməsi nəzərdə tutulan oyunlarımızı Meksikada oynamaq üçün müraciətimiz qüvvədədir. Əgər bu qəbul olunarsa, İranın Dünya çempionatında iştirakı dəqiqləşəcək. Amma hələ cavab yoxdur”.
Donyamali əlavə edib ki, milli komanda hazırlıqlarını davam etdirir, lakin yekun qərarı dövlət verəcək.
O, həmçinin bildirib ki, beynəlxalq qaydalara əsasən, turnirin keçirildiyi ölkədə iştirakçı komandaların təhlükəsizliyi təmin olunmalıdır. Bu baxımdan İranın ABŞ-də oyunlara qatılması məsələsi sual altındadır.
Qeyd: ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi 2026 Dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində keçiriləcək. İran millisinin qrup oyunlarını ABŞ-də keçirməsi planlaşdırılır.
© Copyright 2026, All Rights Reserved