İrandan hücumlarla bağlı qərar: DÇ-DAN İMTİNA
28 fevral tarixində dünya gündəminin əsas mövzusu İsrail və ABŞ-ın İrana qarşı həyata keçirdiyi hücum oldu.
90plus.az xəbər verir ki, qarşıdakı dünya çempionatında iştirak edəcək ölkələrdən biri olan İran ətrafında baş verən hadisələrin qlobal siyasətə təsiri ilə yanaşı, idmana, xüsusilə futbola da ciddi təsir göstərəcəyi gözlənilir.
⚡️ 28 fevralda İsrail və ABŞ qüvvələri İran ərazisinə zərbələr endirib. Rəsmi açıqlamalara görə, əməliyyat İranın nüvə proqramına qarşı yönəlib. Hücumlar Tehran və digər şəhərləri əhatə edib.
⚡️ Buna cavab olaraq İran regionda İsrail və ABŞ bazalarına hücum etdiyini bildirib. Doha, Əbu-Dabi, Bəhreyn və Küveytdə partlayışların baş verdiyi barədə məlumat yayılıb. İran tərəfi Körfəz ölkələrində yerləşən dörd ABŞ hərbi obyektinə zərbə endirildiyini iddia edib.
⚡️ “Reuters” agentliyinin üç mənbəyə istinadən yaydığı məlumata görə, İsrail zərbələri nəticəsində İranın müdafiə naziri Əziz Nəsirzadə və SEPAH komandanı Məhəmməd Pakpur həlak olub. Həmçinin İranın ali rəhbəri Ayətullah Əli Xameneinin də öldüyü bildirilib.
⚡️ İsrailin Mədəniyyət və İdman Nazirliyi 28 fevral – 2 mart tarixləri arasında bütün əyləncə və idman tədbirlərinin ləğv olunduğunu açıqlayıb. Bildirilib ki, növbəti qərara qədər yarışlar bərpa edilməyəcək.
⚡️ “Makkabi Hayfa” klubunun qapıçısı Heorhiy Yermakov vəziyyətlə bağlı açıqlamasında deyib:
“Soruşduğunuz üçün təşəkkür edirəm, yaxşıyam. Vəziyyət tanışdır. Əsas diqqətim formada qalmaq və şəraitə baxmayaraq peşəkarlığımı qorumaqdır.”
⚡️ Hücumçu Stanislav Bilenki də münasibət bildirib:
“Hər şey qaydasındadır, təşəkkürlər. Ailəm və mən təhlükəsizik. Səhərdən bəri fasilələrlə siqnallar səslənir, amma bildiyimə görə hava hücumundan müdafiə sistemləri işləyir. Hücumlar başlayan kimi bütün oyunlar ləğv olundu. Həmin vaxt komanda ilə başqa şəhərdə, oyuna hazırlaşırdıq. Səhər hər şey dəyişdi və evə qayıtdıq. Heç kim özünü rahat hiss etmir. Ümid edirəm ki, bu vəziyyət tezliklə bitəcək, çünki hamı sülhə layiqdir.”
⚡️ İran millisinin rəsmi hesabı Minab şəhərində mülki itkilər də daxil olmaqla son hadisələrə münasibət bildirib.
⚡️ FİFA prezidenti Canni İnfantino yaranmış vəziyyətlə bağlı çətin vəziyyətlə üzləşib. FİFA-nın baş katibi Mattias Qrafström təşkilatın məsələni diqqətdə saxladığını deyib:
“Bu səhər İranla bağlı xəbərləri oxudum. Bu gün iclas keçirdik. Təfərrüatlarla bağlı danışmaq hələ tezdir, lakin inkişafı yaxından izləyəcəyik. Həmişə olduğu kimi, ev sahibi olan üç hökumətlə əlaqəni davam etdirəcəyik. Əsas məqsəd hər kəsin təhlükəsizliyidir.”
⚡️ İran Futbol Federasiyasının prezidenti Mehdi Tac millinin dünya çempionatında iştirakının sual altında olduğunu bildirib:
“Bugünkü hadisələr və ABŞ tərəfindən edilən hücumlardan sonra dünya çempionatına nikbin baxmaq çətindir. Son qərar idman qurumları tərəfindən veriləcək.”
⚡️ Mehdi Tac ölkə çempionatının da qeyri-müəyyən müddətə dayandırıldığını təsdiqləyib.
⚡️ İran millisi 2026-cı il dünya çempionatına vəsiqə qazanıb. Turnir ABŞ, Kanada və Meksikada keçiriləcək. İran Belçika, Yeni Zelandiya və Misirlə eyni qrupa düşüb. Qrup mərhələsində bütün oyunlar ABŞ-da baş tutacaq:
15 iyun – Yeni Zelandiya ilə Los-Ancelesdə
21 iyun – Belçika ilə Los-Ancelesdə
26 iyun – Misirlə Sietldə
Müəyyən ssenarilərdə İran və ABŞ pley-off mərhələsində üz-üzə gələ bilər. Xatırladaq ki, 2022-ci il dünya çempionatında ABŞ İranı 1:0 hesabı ilə məğlub etmişdi.
Hazırda FİFA rəhbərliyi vəziyyəti nəzarətdə saxlamağa çalışır. Qurumu tarixinin ən çətin sınaqlarından biri gözləyə bilər.