İspaniya hökuməti İslamofob şüarları qınadı
İspaniya hökuməti İspaniya və Misir milli komandaları arasında keçirilən yoldaşlıq oyununda baş verən qalmaqallı hadisəyə sərt reaksiya verib.
90plus.az xəbər verir ki, Təhsil və İdman Nazirliyinin yaydığı açıqlamada matç zamanı bir qrup azarkeş tərəfindən səsləndirilən islamofob və irqçi şüarların qətiyyətlə pisləndiyi bildirilib. Qeyd olunub ki, bu cür davranışlar idmanın ruhuna ziddir və İspaniya azarkeşlərinin böyük əksəriyyətini təmsil etmir.
Açıqlamada vurğulanıb:
“İdmanda hər cür zorakılığa qarşı mübarizəyə sadiqliyimiz qətidir. Bu cür qəbuledilməz davranışlar hörmət və birgəyaşayış prinsiplərinə ziddir.”
Hökumət həmçinin irqçilik və ksenofobiyaya qarşı “sıfır tolerantlıq” prinsipinin dəyişməz olduğunu bəyan edib.
Hadisə RCDE Stadionunda baş tutan qarşılaşma zamanı yaşanıb. Bildirilir ki, bəzi azarkeşlər “tullanmayan müsəlmandır” kimi şüarlar səsləndirib, Misir himnini fitə basıb və İspaniyanın baş naziri Pedro Sançez ünvanına təhqiramiz ifadələr işlədib.
Baş verənlərə İspaniya Futbol Federasiyası və qurumun rəhbəri Rafael Louzan, həmçinin milli komandanın baş məşqçisi Luis de la Fuente və futbolçu Pedro Qonsales Lopes də reaksiya verərək bu cür halların yolverilməz olduğunu bildiriblər.
Hadisə ilə bağlı Kataloniya polisi araşdırmalara başlayıb.
© Copyright 2026, All Rights Reserved