İspaniyada Morataya sərt sözlər
Millətlər Liqasının finalında Portuqaliya ilə İspaniya arasında baş tutan qarşılaşma dramatik anlarla yadda qaldı. Münhendəki "Allianz Arena"da keçirilən oyunun əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatdı və qalibi penaltilər seriyası müəyyən etdi.
90plus.az xəbər verir ki, "Qalatasaray"ın ispan hücumçusu Alvaro Morata penalti zərbəsini boşa verdikdən sonra Portuqaliya son vuruşu dəqiq yerinə yetirərək Millətlər Liqasının qalibi oldu.
Təcrübəli hücumçu ölkəsində kəskin tənqidlərin hədəfinə çevrilib. İspaniya mətbuatı Moratanı “günahkar adam” adlandıraraq sərt başlıqlarla çıxış edib. Sosial şəbəkələrdə də azarkeşlər futbolçuya qarşı sərt ifadələr işlədiblər. Bir ispan azarkeş, “Portuqaliyanın ən yaxşı oyunçusu Alvaro Morata idi”, – deyə kinayə ilə paylaşım edib. Başqa bir qadın fanat isə, “Alvaro Moratanı artıq milli komandada görmək istəmirəm”, – sözlərini yazıb.
Oyun sonrası açıqlama verən Morata, milli komandadakı gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaratdı:
“Hələ dəqiq heç nə yoxdur, bir çox şeydən asılıdır. Hazırda yalnız komanda yoldaşlarımı və bu gün baş verənləri düşünürəm. Hər şeyi sakit şəkildə analiz etmək lazımdır. Amma əlbəttə ki, sentyabrda olmama ehtimalım da var.”
Maraqlı məqamlardan biri isə oyunun sonunda bütün "Portuqaliya" futbolçuları sevinərkən, Kriştiano Ronaldo-nun birbaşa Moratanın yanına gedərək ona təsəlli verməsi olub.
© Copyright 2026, All Rights Reserved