İtaliyalı hücumçu Parisə qayıdır
"Paris FK” “Fiorentina” və İtaliya millisinin hücumçusu Moyze Kinin transferində maraqlıdır. Fransa klubu italiyalı futbolçunun keçidini əsas prioritetlərindən biri kimi müəyyənləşdirib.
90plus.az xəbər verir ki, Paris təmsilçisinin rəhbərliyi qış transfer dövründə bu keçidin çətin olacağını anlayır. “Fiorentina” mövsümün gedişində aparıcı oyunçusunu buraxmağa meylli deyil. Lakin Kin üçün nəzərdə tutulan 62 milyon avroluq sərbəstqalma maddəsi yayda aktivləşdikdən sonra “Paris FK”nin transfer üçün rəsmi addımlar atacağı gözlənilir.
Cari mövsümdə “Fiorentina” forması ilə 20 oyuna çıxan Moyze Kin 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Fransa klubu hücum xəttini gücləndirmək üçün məhz italiyalı forvardı əsas namizəd kimi görür.
Qeyd: Moyze Kin bir zamanlar PSJ klubunda da forma geyinmişdi.
© Copyright 2026, All Rights Reserved