İtalyan əfsanələr səssizliyi pozdu - İSTEFA
1982-ci il dünya çempionu olmuş İtaliya millisinin sabiq qapıçısı Dino Zoff komandanın uğursuz nəticəsi ilə bağlı fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, veteran qolkiper bildirib ki, komandanın hazırkı durumu onu məyus edir:
“Ruh halım dünən meydanda oynayan futbolçularınkı kimidir. Təəssüf ki, mübarizəni dayandırdıq. Bu, İtaliya futbolu üçün ciddi zərbədir. Əgər ardıcıl 3 dəfə vəsiqə qazana bilmirsənsə, burada artıq bəxtsizlikdən danışmaq çətindir. Deməli, nəsə düzgün getmir.”
İtaliya Futbol Federasiyasında istefaların olub-olmaması ilə bağlı sualı cavablandıran Zoff bu məsələyə qarışmaq istəmədiyini bildirib:
“Bunu demək mənə düşməz. Bu cür proseslərə qarışmıram.”
1982-ci ildə çempion olan heyətdə yer alan digər sabiq hücumçu Alessandro Altobelli isə vəziyyətə daha sərt reaksiya verib. O, Italpress agentliyinə açıqlamasında bunları deyib:
“Dünən gecə oyunu dostlarımla izlədim. Çox həyəcanlı idik və matçın nə qədər vacib olduğunu anlayırdıq. Amma sonda nəticə bizi məyus etdi. Bu, İtaliya futbolu üçün böyük zərbədir. Federasiya prezidenti Qravina, Qattuzo, Buffon və digərlərinə hörmətim var, lakin dünən xüsusi bir gecə idi və belə məğlubiyyətdən sonra atılmalı yeganə addım istefa idi. Rəhbərlik bunu qəbul etməmiş ola bilər, amma məsuliyyətli davranmalı idilər.”
Digər tərəfdən, İtaliya millisinin Bosniya və Herseqovinaya məğlub olaraq turnirdən kənarda qalmasından sonra azarkeşlərin narazılığı da özünü göstərib. Məlumata görə, gecə saatlarında federasiyanın Romadakı qərargahının yerləşdiyi binaya yumurtalar atılıb.
© Copyright 2026, All Rights Reserved