Joze Mourinyodan gecə yarısı qalmaqallı açıqlamalar
Portuqaliya Liqasında “Benfika” vacib xallar itirərək çempionluq yarışında ciddi zərbə alıb.
90plus.az xəbər verir ki, 2025/26 mövsümünün 28-ci turunda “Kaza Piya” ilə qarşılaşan “Benfika” səfərdə 1:1 hesablı heç-heçə edib. Oyunun ilk hissəsi qolsuz bərabərliklə yekunlaşsa da, qonaqlar 68-ci dəqiqədə Riçard Riosun qolu ilə hesabı açıb. Lakin ev sahibi komanda 78-ci dəqiqədə Rafael Britonun qolu ilə bərabərliyi təmin edərək yekun nəticəni müəyyənləşdirib.
Tur ərzində lider “Portu”nun xal itirdiyi bir vaxtda bu imkandan yararlana bilməyən “Benfika”da baş məşqçi Joze Mourinyo oyundan sonra sərt açıqlamalar verib. Təcrübəli mütəxəssis çempionluq şanslarının artıq qalmadığını bildirib:
“Birincilik artıq mümkünsüzdür. Əsas hədəfimiz ikinci yer uğrunda mübarizədir və bu da tam olaraq bizdən asılı deyil. Çox çətin olacaq, amma bütün oyunları qazanmağa çalışacağıq.”
Mourinyo heyətlə bağlı da diqqətçəkən fikirlər səsləndirib. O, bəzi futbolçulara az şans verməyi düşündüyünü gizlətməyib:
“Diqqətlə düşünməliyəm, çünki hazırda bəzi oyunçuları oynatmaq istəmirəm. Onlar klub üçün vacibdir. Bəziləri ilə davam etməyi planlaşdırmasam da, onların dəyərini aşağı salmaq əvəzinə artırmaq daha doğru olar.”
Baş məşqçinin bu sözləri Portuqaliya mediasında geniş rezonans doğurub. Yerli televiziya kanallarından birində çıxış edən şərhçi Andre Pinotes Batista isə daha da irəli gedərək bildirib ki, klub prezidenti Rui Koştanın yerində olsaydı, Mourinyonu dərhal istefaya göndərərdi.
“Benfika” rəhbərliyi daha əvvəl Joze Mourinyo ilə davam etmək istədiyini açıqlasa da, son nəticələr və səsləndirilən fikirlərdən sonra klub daxilində vəziyyətin necə inkişaf edəcəyi maraqla gözlənilir.
© Copyright 2026, All Rights Reserved