Juninyonu “Qarabağ”a vermədilər, Meksikaya getdi
"Qarabağ"ın braziliyalı sabiq hücumçusu Juninyo karyerasını Meksikada davam etdirəcək.
90plus.az xəbər verir ki, “Flamenqo”nun formasını geyinən 29 yaşlı futbolçunun “Pumas”a keçidi rəsmi şəkildə təsdiqlənib. Məlumat Meksika klubunun rəsmi saytı tərəfindən açıqlanıb.
Tərəflər arasında imzalanan müqavilənin detalları açıqlanmasa da, “Globo” nəşrinin yazdığına görə, transfer üçün “Flamenqo”ya 5 milyon avro ödəniləcək.
Xatırlatma: Juninyo 2023-cü ilin yayından 2025-ci ilin yanvarınadək “Qarabağ”ın formasını geyinib və bu müddətdə 81 oyunda 42 qolla yadda qalıb. Məhz bu performansdan sonra braziliyalı forvard 5 milyon avroya “Flamenqo”ya transfer olunmuşdu.
Ağdam klubu futbolçunu yenidən icarə əsasında heyətinə qatmaq istəsə də, “Flamenqo” bu təkliflə razılaşmayıb. Lakin Juninyo Braziliya klubunda gözləntiləri doğrulda bilməyib. “Sambaçı” hücumçu mövsüm ərzində 32 oyunda cəmi 4 qolla kifayətlənib.
Nəticədə tərəflər yolları ayırmaq qərarına gəliblər və Juninyo bundan sonra “Pumas”ın uğurları üçün mübarizə aparacaq.
© Copyright 2026, All Rights Reserved