“Kayrat”ın çalışdırıcısı: “Real”la görüş toy-bayramdır”

Qazaxıstanın “Kayrat” klubunun baş məşqçisi Rafael Urazbaxtin UEFA Çempionlar Liqasının 2-ci turunda Madrid “Real”ı ilə qarşıdakı ağır oyunla bağlı fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, mətbuat konfransında çıxış edən Urazbaxtin görüşün əhəmiyyətini vurğulayıb:
“Bu oyun Qazaxıstan futbolu üçün xüsusi məna daşıyır. “Real” kimi dünya nəhəngi ilə qarşılaşmaq hər klubun arzusudur. Komandam və azarkeşlər üçün böyük futbol bayramı olacaq. Üstəlik, madridlilər ən güclü heyəti ilə gəlir. Biz bu imkandan faydalanaraq özümüzü sınamaq istəyirik. Bu, bizim üçün həm arzu, həm də böyük sınaqdır”, – deyə o bildirib.
Təcrübəli mütəxəssis əlavə edib ki, nəticədən çox, oyun üslubu önəmlidir:
“Azarkeşlərimiz bizdən yaxşı çıxış gözləyir və biz də onları məyus etməmək üçün çalışacağıq. Nəticə barədə danışmağa tələsmirəm, amma meydanda mübarizə və keyfiyyət göstərməliyik. Belə oyunlarda təkcə “Kayrat” deyil, bütün Qazaxıstan birləşir. Çempionlar Liqasının təsnifat mərhələsində də bunu hiss etmişdik – ölkənin hər yerindən dəstək var idi”.
Xatırlatma: “Kayrat” – “Real Madrid” görüşü sentyabrın 30-da Almatıda keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
© Copyright 2025, All Rights Reserved