"Kral" LeBron Ceyms tarix yazmağa davam edir: 23-cü mövsüm, yeni rekordlar
 
                             
                         
                             
                                Amerika Basketbol Liqasının (“NBA”) təcrübəli ulduzu, “Los Anceles Leykers” klubunun formasını geyinən və “kral” ləqəbi ilə tanınan Lebron Ceyms uzunömürlü karyerası ilə idman tarixində yeni səhifələr açır.
90plus.az xəbər verir ki, 40 yaşlı ulduz basketbolçu, 2025/26 mövsümündə də “Leykers”in heyətində çıxış etməyə davam edəcək. Səhhətindəki narahatlıq səbəbilə mövsümün əvvəlində meydana çıxa bilməyəcək Lebron, karyerasının 23-cü mövsümündə yeni rekordlara imza atmağa hazırlaşır.
Lebron Ceyms bu mövsümdə meydana çıxmaqla “NBA” tarixində ən uzun müddət forma geyinən oyunçu olacaq. O, daha əvvəl bu rekordu onunla paylaşan Vins Karteri geridə qoyacaq.
Ulduz basketbolçu həmçinin normal mövsümdə ən çox oyuna çıxan oyunçu olmaq üçün də mübarizə aparır. Əgər Ceyms daha 50 oyunda forma geyinsə, bu sahədə lider olan Robert Pərişin (1611 oyun) rekordunu da qıracaq.
Lebron Ceyms ötən mövsüm “NBA”də (normal mövsüm + pley-off) 50 min xal həddini keçən ilk oyunçu oldu. Hazırda onun ümumi xal sayı 50 min 473, normal mövsüm üzrə isə 42 min 184-dür.
21 dəfə “All-Star” seçilən Lebron, bu göstəricidə də liderliyini qoruyur.
Ceyms, 40 yaşdan yuxarı çıxış etdiyi matçda 40-dan çox xal toplayaraq Maykl Cordanın rekorduna şərik olub. Eyni zamanda, 40 yaşdan sonra bir neçə dəfə “triple-double” edən ilk oyunçu kimi də “NBA” tarixinə düşüb.
“Leykers”də oğlu Bronni Ceymslə birlikdə forma geyinən Lebron, “NBA”də bir klubda çıxış edən ilk ata-oğul dueti kimi daha bir unikal uğura imza atıb.
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    © Copyright 2025, All Rights Reserved