Kurtua: “Real Madrid”də heç bir futbolçu Alonsoya xəyanət etməyib"
“Real Madrid”in qapıçısı Tibo Kurtua komandanın “Mançester Siti” üzərində qazandığı 3:0 hesablı qələbədən sonra açıqlama verib. O, yanvar ayında baş məşqçi Xabi Alonsonun gedişi ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib.
90plus.az xəbər verir ki, belçikalı qolkiper bildirib ki, komandada heç bir futbolçu baş məşqçini satmayıb və iddiaların böyük hissəsi həqiqəti əks etdirmir.
Kurtua qeyd edib: “Heç bir futbolçu Xabi Alonsonu satmayıb. Düşünürəm ki, biz birlikdə yaxşı işləyirdik. Bəzi insanlar deyirdi ki, biz taktikanı sevmirdik, videoanalizi bəyənmirdik. Baxın, mənim məşqçim Antonio Conte olub və o, hər gün bir saat taktika üzərində işləyirdi. Mən isə heç vaxt şikayət etməmişəm, çünki biz peşəkarıq və iş mənim üçün prioritetdir”.
Qapıçı həmçinin paltardəyişmə otağında üsyan olması ilə bağlı iddiaları da təkzib edib.
“Düşünürəm ki, Xabi ilə ilk aylarımız çox yaxşı keçdi, sonra isə müəyyən eniş oldu. Futbolda belə hallar baş verir. Mətbuatda bəzi yazıları oxuyanda düşünürəm: ‘Aman Allahım’. Elə bilirlər ki, bu klub uşaq bağçasıdır və biz istədiyimizi edirik. Amma belə deyil. Biz bütün məşqçilərə, tibbi heyətə və klubda çalışan hər kəsə hörmət edirik. Məncə, tənqidlərin böyük hissəsi ədalətsizdir”, – deyə Kurtua bildirib.
© Copyright 2026, All Rights Reserved