La Liqada dopinq qalmaqalı - Heyətdən uzaqlaşdırıldı

“Atletik Bilbaoda” dopinq qalmaqalına görə Yeray Alvares heyətdən uzaqlaşdırıldı.
90plus.az xəbər verir ki, İspaniya La Liqasının tanınmış klublarından olan “Atletik Bilbao”da şok hadisə yaşanıb. Komandanın aparıcı müdafiəçisi Yeray Alvaresin dopinq testində qadağan olunmuş maddə aşkarlanıb.
30 yaşlı futbolçu may ayında “Mançester Yunayted”ə qarşı keçirilən UEFA Avropa Liqasının yarımfinal görüşündən sonra keçirilən testdə müsbət nəticə verib. Klubun rəsmi açıqlamasında futbolçunun müvəqqəti olaraq heyətdən kənarlaşdırıldığı bildirilib.
Alvares məsələ ilə bağlı açıqlamasında bildirib:
“Xəstəliyi (xayalıq xərçəngi) keçirdikdən sonra illərdir saç tökülməsinə qarşı müalicə alıram. Ətraflı araşdırma apardıq və məlum oldu ki, müsbət test nəticəsi tərkibində qadağan olunmuş maddə olan saç tökülməsinə qarşı dərmandan qaynaqlanıb. Mən bunu bilmədən qəbul etmişəm.”
Yeray Alvaresə 2016-cı ildə xərçəng diaqnozu qoyulmuş, 2017-ci ildə meydanlara qayıtmış, lakin xəstəlik təkrarlandığı üçün 2018-ci ildə bir daha dönüş etmişdi.
Pozitiv test nəticəsi “Atletik Bilbao”nun 1 may tarixində “Mançester Yunayted”ə 0:3 hesabı ilə uduzduğu görüşdən sonra ortaya çıxıb. Alvares bu görüşün cavab matçında və La Liqanın son iki turunda da meydana çıxıb. O, nəticənin yalnız bir neçə həftə əvvəl özünə bildirildiyini və bu xəbərdən çox sarsıldığını bildirib.
Futbolçu əlavə edib:
“Mən həyatda heç vaxt qadağan olunmuş maddə qəbul etməmişəm. Buna görə də bu xəbərə inanmaqda çətinlik çəkdim.”
Klubdan verilən açıqlamada isə belə deyilir:
“Yerayın etdiyi insani səhvə görə üzülürük. Ona dəstək olacağıq, lakin bu mərhələdə daha ətraflı açıqlama verməyəcəyik.”
Hazırda UEFA tərəfindən məsələyə dair rəsmi açıqlama verilməyib.
© Copyright 2025, All Rights Reserved