La Liqada etirazlara "Barselona" oyunçuları da qoşuldular

90plus.az xəbər verir ki, İspaniya La Liqasında baş verən qəribə hadisələr liqada böhranın dərinləşdiyini göstərir. 8-ci turun "Barselona" – "Jirona" matçında başlama fitinin səslənməsi ilə hər iki komandanın futbolçuları meydanda 20 saniyə ərzində topa toxunmadan dayanaraq etiraz aksiyası keçiriblər.
Bu aksiya La Liqa rəhbərliyinin "Vilyarreal" – "Barselona" qarşılaşmasının Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində oynanması barədə verdiyi qərara qarşı yönəlib. UEFA bir dəfəlik olmaq şərtilə bu matçın Avropa xaricində keçirilməsinə icazə verib.
"Real Oviedo" – "Espanyol" qarşılaşmasında ilk dəfə tətbiq olunan bu etiraz forması sosial şəbəkələrdə geniş dəstək qazanıb. Həmin oyunda da komandalar matçın startında 20 saniyə hərəkətsiz qalmışdı. Hər iki halda La Liqa rejissoru bu anları efirdə göstərməkdən imtina edib və stadiondan kənar görüntülərlə əvəzləyib.
"Barselona" və "Jirona" oyununda da eyni ssenari təkrarlanıb – futbolçular etiraz üçün hərəkətsiz dayandığı anda yayım rejissoru stadionun dron görüntülərini ekrana gətirib.
Futbolçular və ictimaiyyət arasında geniş narazılıq doğuran bu qərarın gələcəkdə hansı nəticələrə səbəb olacağı hələ ki, məlum deyil.
© Copyright 2025, All Rights Reserved