La Liqada yeni qalmaqal - Etirazların qığılcımı hiss olundu
90plus.az xəbər verir ki, milli oyunlar fasiləsindən sonra İspaniya La Liqası 9-cu turla davam edir. Həftənin açılış oyununda "Real Oviedo" doğma meydanda "Espanyol" klubunu qəbul edib.
"Nuevo Karlos Tartiere" stadionunda baş tutan qarşılaşmanı qonaq komanda qalib başa vurub. Lakin oyuna damğa vuran əsas hadisə hesab yox, qarşılaşmanın əvvəlində futbolçular tərəfindən edilən etiraz olub.
La Liqa rəhbərliyi və böyük klublar İspaniya futbolunda gəlirləri artırmaq məqsədilə "Vilyarreal" – "Barselona" oyununu ABŞ-da keçirmək qərarı alıb. UEFA da bu təşəbbüsə razılıq verib. Bu qərar isə İspaniyada yeni narazılıqlara səbəb olub.
"Marca" qəzetinin məlumatına görə, İspaniya Futbolçular Assosiasiyasının təşəbbüsü ilə ilk kollektiv etiraz "Real Oviedo" – "Espanyol" matçında həyata keçirilib. Oyunun start fitindən sonra hər iki komandanın futbolçuları təxminən 20 saniyə ərzində topa toxunmayaraq passiv şəkildə dayanıblar.
Televiziya yayımını idarə edən La Liqa rejissoru isə bu anları efirə verməyib. Əvəzində stadionun xaricindən olan görüntülər yayımlanıb. Hadisə stadionda olan azarkeşlər tərəfindən aydın şəkildə müşahidə olunub.
Etirazların qarşıdakı oyunlarda da davam edəcəyi gözlənilir.
© Copyright 2025, All Rights Reserved