Lamin Yamal Pike və Şakiranın evini aldı - FOTO
90plus.az xəbər verir ki, “Barselona” və İspaniya millisinin parlayan ulduzu Lamin Yamal bu dəfə meydandan kənardakı həyatı ilə gündəmə gəlib. İspaniyanın El País nəşrinin məlumatına görə, 17 yaşlı futbolçu məşhur cütlük – Jerard Pike və müğənni Şakiraya məxsus olmuş villanı satın alıb.
Esplugues de Llobregatda yerləşən və “Barselona”nın ən elit bölgələrindən biri sayılan Ciutat Diagonal məhəlləsindəki malikanənin dəyəri təxminən 11 milyon avrodur. Yamalın daha öncə anası, atası və nənəsi üçün də evlər aldığı bildirilir.
Gənc futbolçu təxminən 3–4 ay davam edən rəsmi prosedurlardan sonra alqı-satqı prosesini başa çatdırıb. Yeni mülk “Barselona”nın Sant Joan Despídəki məşq bazasından cəmi 10 kilometr uzaqlıqda yerləşir. Villanın qonşuluğunda Arauxo, Balde və İnyestanın da evlərinin olduğu qeyd olunur.
Malikanə ümumilikdə 1.240 kvadratmetr sahəyə malik bir-birinə bağlı iki evdən ibarətdir. İçərisində 6 yataq otağı, açıq və qapalı hovuz, idman zalı, kitabxana və vaxtilə Şakira tərəfindən istifadə olunan səs yazma studiyası mövcuddur.
Yamalın yaxın zamanda evi tam yeniləyəcəyi və onu peşəkar futbolçunun həyat tərzinə uyğunlaşdıracağı bildirilir. Planlaşdırılan yeniliklər arasında xüsusi idman zalı, fizioterapiya otağı, gücləndirilmiş təhlükəsizlik sistemi, mini futbol meydançası və padel kortu da var.
© Copyright 2025, All Rights Reserved