Lamin Yamal üçün 250 milyon təklif etdilər - Laporta açıqladı
“Barselona”nın prezidenti Xuan Laporta dünya futbol tarixində səs-küy yaradacaq transfer etirafı ilə çıxış edib.
90plus.az xəbər verir ki, klub rəhbəri bildirib ki, iki il əvvəl PSJ Lamin Yamal üçün rekord həddə – 250 milyon avro məbləğində təklif göndərib. Lakin kataloniyalılar bu astronomik məbləği tərəddüd etmədən geri çeviriblər.
La Liqada möhtəşəm çıxışı ilə diqqət çəkən və Lionel Messidən sonrakı dövrün ən böyük ümidi sayılan Lamin Yamal barədə üzə çıxan bu fakt idman ictimaiyyətində geniş rezonans doğurub.
Xuan Laporta vurğulayıb ki, klubun ciddi maliyyə çətinliklərinə baxmayaraq, PSJ-dən gələn 250 milyon avroluq təklifi qəbul etməyiblər. Onun sözlərinə görə, həmin vaxt bu qərara görə bir çoxları onları “dəli addım” atmaqda ittiham edirdi, lakin bu gün gəlinən nöqtə rəhbərliyin haqlı olduğunu göstərir.
Cəmi 17 yaşı olarkən Yamal üçün bu məbləği ödəməyə hazır olan Fransa nəhənginə “yox” cavabı verilib. Gənc futbolçunun karyerasını yalnız “Barselona”da davam etdirmək istədiyini açıq şəkildə bildirməsi də klub rəhbərliyinin mövqeyini daha da gücləndirib. Nəticədə tərəflər 2031-ci ilə qədər qüvvədə olacaq uzunmüddətli müqavilə imzalayıblar.
Cari mövsümdə 33 rəsmi oyunda meydana çıxan Yamal 15 qol vurub, 14 məhsuldar ötürmə edib və ümumilikdə 29 qolluq nəticəyə birbaşa töhfə verib. Bu statistika onu müasir futbolun ən effektiv hücumçularından birinə çevirib.
Yaşına baxmayaraq oyundakı yetkinliyi və matçların taleyini həll etmək bacarığı ilə seçilən 19 yaşlı istedad “La Masiya” futbol məktəbinin son illərdə yetişdirdiyi ən parlaq simalardan biri olduğunu hər görüşdə sübut edir.
© Copyright 2026, All Rights Reserved