“Latsio” bu yay futbolçu ala bilməz

"Latsio” ciddi maliyyə tələblərini yerinə yetirə bilmədiyi üçün yeni futbolçular qeydiyyatdan keçirməsi ən azı sentyabra qədər qadağan edilib.
90plus.az xəbər verir ki, İtaliyanın futbol üzrə maliyyə nəzarət qurumu klubun likvidlik indeksi, borclanma səviyyəsi və genişləndirilmiş əmək haqqı fondu kimi üç əsas göstərici üzrə normanı aşdığını təsdiqləyib. Bu səbəbdən “Latsio” hələlik yalnız futbolçu sata bilər, lakin yay transfer pəncərəsi bağlanana qədər yeni transferləri qeydiyyatdan keçirə bilməz (📰: Corriere dello Sport).
Bu gözlənilməz transfer qadağası son aylardakı transfer fəaliyyətləri və mühasibatlıq praktikasından qaynaqlanan maliyyə tarazsızlıqları fonunda ortaya çıxıb. Klubun prezidenti Klaudio Lotito vəziyyəti qəbul etdiyini, lakin artıq oyunçuları satmaq və maaş büdcəsini yenidən tənzimləməklə bu problemi həll edə biləcəklərinə inandığını bildirib:
“Komandanı zəiflədəcək əsas futbolçuları satmayacağıq, çünki bu, növbəti mövsümdə iddialarımıza zərər verə bilər. Kadr sayını azaltmalı və maliyyəni balanslaşdırmalıyıq ki, transfer qadağasını qaldıraq.”
“Latsio” avqustun sonuna qədər ya futbolçu satışından gəlir əldə etməli, ya da əlavə kapital yatırmalı olacaq. Əks halda, transfer bazarında iştirak edə bilməyəcək.
Qeyd: Bu, İtaliya futbolunda mövcud maliyyə qaydalarının tətbiq olunacağı son yay transfer dönəmidir. 2026-cı ilin yanvarından etibarən yalnız əmək haqqı göstəricisi əsas kriteriya olacaq ki, bu da gələcəkdə oxşar blokların qarşısını ala bilər.
Bu arada “Latsio”nun baş məşqçi postuna yeni təyin olunan Mauritsio Sarri üçün bu transfer məhdudiyyəti ciddi problem yaradıb. Komanda yay dönəmini 30 nəfərlik şişirdilmiş heyətlə keçirməli olacaq. Növbəti qiymətləndirmə 30 sentyabrda aparılacaq. O vaxta qədər klub bu maliyyə dağını aşaraq transfer bazarına qayıtmağı hədəfləyir.