Leo Messi: “TikTok aludəçisiyəm”
Messi sosial şəbəkələr, süni intellekt və ailə həyatı barədə danışdı.
90plus.az xəbər verir ki, Argentina millisinin kapitanı Lionel Messi ABŞ-da verdiyi son müsahibədə gündəlik həyatı, ailəsi ilə münasibətləri və müasir texnologiyalara baxışı ilə bağlı maraqlı fikirlər səsləndirib.
Mayami şəhərində jurnalistlər Nikola Okkiato və Dieqo Leuko ilə söhbət edən ulduz futbolçu bildirib ki, sosial şəbəkələrdən, xüsusilə də “TikTok” platformasından tez-tez istifadə edir. Onun sözlərinə görə, boş vaxtlarında və ya darıxanda müxtəlif videolara baxmaq ona rahatlıq verir.
Messi son dövrlərdə süni intellekt vasitəsilə hazırlanan videoların da diqqətini çəkdiyini deyib. O, özü ilə bağlı yaradılan bəzi görüntülərə rast gəldiyini və bunların bəzilərinin olduqca gülməli olduğunu vurğulayıb. Futbolçu qeyd edib ki, hətta onu polis tərəfindən saxlanılmış kimi göstərən videolar belə olub.
Ailə daxilində musiqi seçimlərinə toxunan Messi bildirib ki, bu məsələdə əsas söz sahibi övladlarıdır. Ulduz futbolçunun sözlərinə görə, evdə gün ərzində daha çox Bizzarrap və Daddy Yankee dinlənilir.
Emosional tərəfini də gizlətməyən Messi etiraf edib ki, filmlərə baxarkən tez təsirlənir və bəzən kövrələ bilir. O, hisslərini ifadə etməkdə hər zaman rahat olmadığını, müəyyən anlarda içinə qapandığını da əlavə edib. Messi bu vəziyyətdən çıxmaqda ona kömək edən insanlardan birinin Mateo olduğunu xüsusi vurğulayıb.
Süni intellekt mövzusuna yenidən qayıdan Lionel Messi hələ ki, ChatGPT-dən istifadə etmədiyini söyləyib. Onun sözlərinə görə, həyat yoldaşı Antonela isə bu texnologiyadan demək olar ki, hər gün yararlanır və müxtəlif suallarla müraciət edir.
Sosial şəbəkələrdəki davranışlarına da aydınlıq gətirən Messi bəzi hallarda kimlərisə izləmədən çıxarmaq istədiyini, lakin bunun sonradan yanlış şərh olunacağından ehtiyat etdiyini bildirib. Ulduz futbolçu qeyd edib ki, futbol xaricindəki mövzularla gündəmə gəlməkdən xoşlanmır.