“Liverpul” İngiltərə Liqa Kubokuna erkən vida etdi – “Kristal Pelas” yenidən kabusa çevrildi
İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində keçirilən görüşdə “Liverpul” öz meydanında “Kristal Pelas”ı qəbul edib.
90plus.az xəbər verir ki, “Enfild Roud” stadionunda baş tutan qarşılaşma qonaq komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb və “Pelas” növbəti mərhələyə yüksəlib.
Qonaq komandanın qollarını 41-ci və 45-ci dəqiqələrdə İsmaila Sarr, 88-ci dəqiqədə isə Yeremi Pino vurub. “Liverpul”da Amara Nallo 79-cu dəqiqədə qırmızı vərəqə alaraq komandasını 10 nəfərlə qoyub.
Son həftələrdə uğursuz çıxışı ilə diqqət çəkən Premyer Liqanın son çempionu “Liverpul” bütün turnirlər üzrə son 7 oyununda 6-cı məğlubiyyətini alıb. “Qırmızılar” bu seriyada Çempionlar Liqasında “Qalatasaray”la da bacarmamış və məğlub olmuşdu.
Bu mövsüm “Liverpul”a qarşı böyük üstünlük quran “Kristal Pelas” bir daha rəqibini diz çökdürüb. Son 70 gün ərzində iki komanda 3 dəfə qarşılaşıb və hər üç oyunda da Londra təmsilçisi qalib gəlib.
İlk duel 10 avqustda “Vembli” stadionunda keçirilən Community Shield matçında olub. Oliver Qlasnerin yetirmələri 90 dəqiqə və əlavə vaxtı 2:2 bərabərliklə başa vuran oyunda penaltilərdə “Liverpul”u 3:2 hesabı ilə məğlub edərək kuboku muzeyinə aparmışdı.
27 sentyabrda Premyer Liqa qarşılaşmasında “Kristal Pelas” “Liverpul”u 2:1 hesabı ilə üstələyərək “Qırmızılar”ın hazırkı uğursuz seriyasının başlanğıcını qoymuşdu.
Nəhayət, dünən gecə “Enfild Roud”da 3:0 hesabı ilə qələbə qazanan “Kristal Pelas” “Liverpul”un Liqa Kubokuna vaxtından əvvəl vida etməsinə səbəb olub.
© Copyright 2025, All Rights Reserved