“Liverpul”dan Martinelli zədə alan futbolçunu itələdi! DETALLAR
"Emireyts”də gecənin ən çox müzakirə olunan anı matçın hesabı yox, Qabriel Martinellinin zədə alan Konor Bredliyə qarşı hərəkəti oldu. ‘Arsenal’ vingerinin ‘Liverpul’ müdafiəçisini meydandan itələməsi böyük qalmaqal yaratdı və oyundan sonra Martinelli açıqlama verməyə məcbur qaldı.
90plus.az xəbər verir ki, qolsuz başa çatan oyunda “Arsenal”ın vingeri Qabriel Martinelli “Liverpul”la oyunda Konor Bredli ilə bağlı yaşanan qalmaqallı epizoddan sonra ilk dəfə açıqlama yayımlayıb.
Premyer Liqanın lideri olan “Arsenal”ın “Emireyts” stadionunda “Liverpul”u qəbul etdiyi və 0:0 hesabı ilə başa çatan qarşılaşmanın son dəqiqələrində Martinellinin hərəkəti böyük müzakirələrə səbəb olmuşdu. Şimali İrlandiya millisinin üzvü Konor Bredli topu uzaqlaşdırmağa çalışarkən dizindən ciddi zədə alaraq yerə yıxılmışdı.
Bu anda Martinelli Bredlinin vaxt udduğunu düşündüyü üçün əvvəlcə topu onun üzərinə atmış, daha sonra isə oyunu bərpa etmək məqsədilə futbolçunu meydandan kənara itələməyə çalışmışdı. Hadisə “Liverpul” futbolçularının kəskin reaksiyasına səbəb olmuş, tərəflər arasında gərginlik yaranmışdı. Nəticədə Martinelli və İbrahima Konate sarı vərəqə almışdı.
Konor Bredli xərəkdə meydanı tərk edib və oyunun son dəqiqələrində onu Co Qomez əvəzləyib. “Liverpul”un baş məşqçisi Arne Slot zədənin ciddi ola biləcəyindən narahat olduqlarını bildirib.
Matç zamanı Sky Sports-da şərhçi olan Qari Nevill Martinellinin davranışını “biabırçılıq” adlandırıb və futbolçunu sərt tənqid edib. Studiyada olan Roy Kin də bu fikirlərlə razılaşaraq epizodu “tam rüsvayçı davranış” kimi qiymətləndirib.
Matçdan sonra Qabriel Martinelli rəsmi Instagram hesabında açıqlama yayaraq Konor Bredlidən üzr istəyib:
🗣 Qabriel Martinelli: “Konorla yazışmışıq və artıq ondan üzr istəmişəm. Hadisənin qızğın anında onun ciddi zədələndiyini anlamamışdım.
Reaksiyama görə səmimi şəkildə üzr istəyirəm. Konora tezliklə sağalmasını arzulayıram.”
“Liverpul”un baş məşqçisi Arne Slot isə futbolçusunu müdafiə edib:
🗣 Arne Slot: “Əminəm ki, əgər Martinelli zədənin bu qədər ciddi olduğunu bilsəydi, belə hərəkət etməzdi. Oyunun sonlarında vaxt udma halları çox olur və bəzən futbolçular səhv düşünə bilirlər.”
Qeyd: Bu heç-heçə “Arsenal”ın turnir cədvəlində “Mançester Siti” və “Aston Villa” üzərində 6 xallıq üstünlüyünü qoruması ilə nəticələnib.