Luis Enrike: “ Böyük komandaları fərqləndirən mentalitetdir”
Luis Enrike: “Uğurlara köklənmirəm, diqqətim indiki andadır”.
90plus.az xəbər verir ki, PSJ-nin baş məşqçisi Luis Enrike klubun 2025-ci ildəki uğurlu çıxışı barədə danışaraq peşəkarlıq və davamlılığın vacibliyini vurğulayıb.
“Keçmiş nailiyyətlər üzərində dayanmıram. Diqqətim indiki andadır — bugünkü məşqə və şənbə günü Fransa Kubokunda ‘Vande Fontenay’ə qarşı oyuna yönəlib.
Parisdə insanlar mənə təşəkkür edirlər, amma bu sadəcə mənim işimdir. PSJ kimi bir klubu təmsil etmək böyük imtiyazdır və biz bu yolla davam etməliyik. Bu il möhtəşəm keçdi, lakin qarşıda olanlara fokuslanmaq vacibdir”, — deyə Enrike bildirib.
İspaniyalı mütəxəssis əlavə edib:
“Biz sevincliyik, amma eyni zamanda yorğunuq. Fransa Kuboku şənbə günü başlayır və bu inanılmaz ili mümkün olan ən yaxşı şəkildə başa vurmaq istəyirik.
Komandanın etdikləri barədə çox danışmağın lazım olduğunu düşünmürəm. Hər şey onsuz da göz önündədir, hamı bunu görüb. Əsas olan hər anın, hər günün dadını çıxarmaqdır. Bu günkü məşqdən və şənbə günkü oyundan zövq alacağıq. Əgər futbol oynamağı və PSJ futbolçusu olmağı sevirsinizsə, bu sizi irəli aparır”.
Enrike komandanın hələ də inkişaf etdiyini vurğulayıb:
“Biz komanda olaraq daha da yaxşılaşmağa çalışırıq. Finalı (Qitələrarası Kubok) analiz etdikdən sonra deyə bilərəm ki, bu, çox yaxşı oyun idi. Yüksək səviyyədə çıxış etdik və yaxşı müdafiə olunduq. Böyük komandaları fərqləndirən məhz mentalitetdir. Əldə etdiklərimizdən çox razıyıq”.
ℹ️ Hazırda PSJ Fransa Liqa 1-də ikinci, Çempionlar Liqasında isə üçüncü pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved