Azərbaycan millisinin və Almaniyanın "Nürnberq" klubunun futbolçusu Mahir Emreli klubun saytına danışıb.
90plus.az xəbər verir ki, 27 yaşlı hücumçu futbol ölkəsində oynamağın məmnunluğunu ifadə edib:
"Almaniya futbol ölkəsidir. Burada oynamaq inanılmaz bir hissdir. İnsanların futbol anlayışı, onların dəstəyi yüksək səviyyədədir. İlk dəfədir ki, mentalitet, futbol sevgisi olaraq tam bir Avropa ölkəsindəyəm. Burada o fərqi hiss edirsiniz".
Azərbaycan haqda: "Azərbaycan tolerant ölkədir, bizdə insanların dini etiqadına hörmətlə yanaşılır, heç bir dinə qarşı ayrı-seçkilik yoxdur. Ölkəmizdə bir sıra dini qurumlar, çoxsaylı məscid, kilsə və sinaqoqlar fəaliyyət göstərir. Bu səbəbdən mən başqa ölkələrin mədəniyyətlərinə daha tez uyğunlaşa bilirəm. Azərbaycanlı olsam da, hazırda çıxış etdiyim Almaniyanın xüsusi günlərini və bayramlarını öz sosial şəbəkə hesabımda paylaşmağı düşünürəm".
Unutmadığı oyun: "Londondakı "Stemford Bric" stadionunda "Çelsi"yə qarşı keçirdiyimiz oyun bizim üçün tarixi qarşılaşma idi. Düzdür, həmin matçda heç bir şansımız yox idi və böyük hesabla məğlub olmuşduq. Bu günə qədər heç vaxt unuda bilmədiyim üç stadion var - "Borussiya" (Dortmund, Almaniya), PAOK (Yunanıstan) və "Roma"nın (İtaliya) arenaları. Həmin stadionlarda gördüyüm atmosfer heç vaxt yadımdan çıxmır".
Qeyd: Mahir Emreli II Bundesliqa təmsilçisi ilə ötən tur "Herta"ya qarşı matçın 39-cu dəqiqəsində debüt edib.
© Copyright 2024, All Rights Reserved