“Man Siti” “Bayer”ə uduzdu: Pepin 100-cü oyununda!
Pep Qvardiolanın “Mançester Siti” ilə Çempionlar Liqasındakı 100-cü oyunu uğursuz alınıb.
90plus.az xəbər verir ki, "Etihad”da keçirilən qarşılaşmada “Bayer Leverkuzen” 2:0 hesabı ilə qalib gəlib.
Man Siti 0-2 Bayer Leverkuzen
A. Qrimaldo 23’
Patrik Şık 54'
Qollar:
https://t.me/doxsanplus/111186
https://t.me/doxsanplus/111195
Matçın detalları:
Pep Qvardiola həftəsonu “Nyukasl”a qarşı məğlubiyyətdən sonra start heyətində 10 dəyişiklik etmişdi. Erlinq Haaland, Fil Foden və Jeremi Doku kimi ulduzlar ehtiyatda qalmışdı. Lakin dəyişikliklər nəticəni yaxşılaşdırmadı və “Siti” ardıcıl ikinci dəfə uduzdu. Bu, klubun son yeddi ildə Çempionlar Liqasının qrup (liqa) mərhələsində evdə aldığı ilk məğlubiyyətdir.
Görüşün ilk hissəsində topa nəzarət “Mançester Siti”də olsa da, hesabı açan tərəf almanlar oldular. Kristian Kofanenin cinahdan göndərdiyi mükəmməl ötürməni Alexandro Qrimaldo qapıya göndərərək “Leverkuzen”i önə çıxartdı.
“Siti”nin ilk hissədə ən real imkanı Ticani Reynders tərəfindən yaradılsa da, Mark Flekken qola icazə vermədi.
Fasilədən sonra Fil Foden, Doku və Niko O’Railinin meydana daxil olması oyuna dinamika qatdı, amma nəticəni dəyişmədi. Cəmi 9 dəqiqə sonra “Leverkuzen” ikinci qolu vurdu: İbrahim Mazanın əla ötürməsini Patrik Şik başla tamamladı.
Ehtiyatdan oyuna daxil olan Haaland 3 dəfə qol şansı əldə etsə də, fərqlənə bilmədi. “Siti” ulduzlarla daha fəal görünsə də, “Leverkuzen”in nizam-intizamlı oyunu qonaqlara tarixi qələbə qazandırdı.
2013-cü ildə Qvardiolanın “Bayern Münhen”indən sonra ilk dəfə bir Almaniya klubu “Etihad”dan Çempionlar Liqasında üç xal götürdü.
Bu nəticə Qvardiola üçün ciddi siqnal oldu. Start heyətinə daxil etdiyi 10 futbolçudan heç biri oyuna real təsir göstərə bilmədi və komandanın Haalanda nə qədər bağlı olduğu açıq göründü. Matç bitdikdə azarkeşlər komandanı fitə basaraq narazılıqlarını ifadə etdilər.
Bu məğlubiyyət “Mançester Siti”nin turnirdəki mövqeyinə də təsir edə bilər. Komanda hələlik ilk səkkizlikdədir, lakin digər oyunların nəticələri sıralamanı dəyişdirə bilər. İngiltərə təmsilçisi 10 dekabrda “Real Madrid”lə səfər oyunu öncəsi formaya qayıtmalıdır.
“Leverkuzen” isə ardıcıl ikinci səfər qələbəsi ilə xallarını artıraraq 13-cü pilləyə yüksəlib və “Siti”dən cəmi iki xal geri qalır.