“Man Yunayted” azarkeşi bu il saçını kəsdirə bilməyəcək
1 ildir, saçını qırxmayan “Mançester Yunayted”in bəy azarkeşinin 2025-ci ildə saç kəsimi edə bilməyəcəyi dəqiqləşib.
90plus.az xəbər verir ki, “Mançester Yunayted”in sadiq azarkeşi Frank Aylet komandası ardıcıl beş oyun qazanana qədər saçını kəsməmək qərarına sadiq qalmağa davam edir. Lakin “Qırmızı şeytanlar”ın “Bornmut”la 4:4 hesablı heç-heçəsi bu qərarın 2025-ci ildə də dəyişməyəcəyini demək olar ki, rəsmiləşdirib.
“Yunayted”in cari ildə cəmi üç oyunu qalıb və bu bərabərlik ardıcıl 5 qələbəlik seriyanın baş tutması ehtimalını puç edib. Bu isə Ayletin saçını kəsməsi üçün növbəti şansın ən tezi 2026-cı ilə qalması deməkdir.
Əslən Oksforddan olan, hazırda isə İspaniyada yaşayan Frank Aylet ötən ilin oktyabrında mövsümün uğursuz başlanğıcından sonra bu addımı atdığını və məqsədinin azarkeşlər arasında bir qədər yumor yaratmaq olduğunu bildirib. O vaxtdan bəri “afro buruq” saçları ilə tanınan Aylet bu prosesi İnstaqramda paylaşır və artıq 330 mindən çox izləyiciyə sahibdir.
“Bu, tamamilə çılğın bir yolçuluq oldu. Nə saçlarımın, nə də izləyici kütləmin bu qədər böyüyəcəyini gözləyirdim”, – deyə o etiraf edib.
Hazırkı vəziyyətə görə isə sual açıq qalır: Frank Aylet 2026-cı ildə nəhayət saçını kəsdirə biləcəkmi? Cavab yenə də “Mançester Yunayted”in nəticələrindən asılıdır.
© Copyright 2025, All Rights Reserved