“Mançester Siti”dən 65 milyon funtluq transfer
“Mançester Siti” qış transfer pəncərəsində ilk transferini reallaşdırmağa çox yaxındır. Pep Qvardiolanın rəhbərlik etdiyi komanda “Bornmut”un hücumçusu Antuan Semenyonu heyətinə qatmağa hazırlaşır.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasında zirvə uğrunda mübarizəni davam etdirən “Mançester Siti” bu mövsümün ən diqqətçəkən futbolçularından biri olan Semenyo üçün danışıqları sürətləndirib. Sky Sports-un məlumatına görə, futbolçu ilə “Mançester Yunayted”, “Çelsi” və “Tottenhem” də maraqlansa da, son günlər “Mançester Siti” “Bornmut”la danışıqlarda irəliləyiş əldə edib.
Xəbərdə qeyd olunur ki, Semenyonun müqaviləsində yer alan 65 milyon funt sterlinqlik sərbəstqalma maddəsi ilə bağlı son detallar müzakirə olunur. Eyni zamanda, 26 yaşlı futbolçu ilə “Mançester Siti” arasındakı müqavilə danışıqlarında da yekun mərhələyə gəlinib.
Bildirilir ki, sərbəstqalma maddəsi ilə bağlı “Bornmut”la rəsmi əlaqə quran yeganə klub “Mançester Siti”dir və bu maddə 10 yanvar tarixinədək qüvvədə olacaq.
Antuan Semenyo bu mövsüm “Bornmut” forması ilə 18 oyuna çıxaraq 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2023-cü ildə “Bristol Siti”dən “Bornmut”a transfer olunmuşdu. Semenyo İngiltərədə daha əvvəl “Sanderlend”, “Nyuport Kaunti” və “Bat Siti” klublarının da şərəfini qoruyub.
© Copyright 2026, All Rights Reserved