"Mançester Yunayted" geridönüş etdi, üçüncü pilləyə yüksəldi
"Mançester Yunayted" müvəqqəti baş məşqçi Maykl Kerrik ilə çıxdığı 7-ci oyunda da məğlubiyyət üzü görmədi. “Qırmızı şeytanlar” doğma meydanda "Kristal Pelas" üzərində 2:1 hesablı qələbə qazanaraq turnir cədvəlində 3-cü pilləyə yüksəldi.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 28-ci turunda “Old Trafford” stadionunda keçirilən qarşılaşmaya qonaqlar fəal başladı. “Kristal Pelas” 4-cü dəqiqədə Maksans Lakruanın qolu ilə hesabı açdı və erkən üstünlük əldə etdi.
Oyunun taleyində dönüş nöqtəsi 56-cı dəqiqədə yaşandı. Lakrua Mateus Kunya qarşısında qayda pozuntusuna yol verdikdən sonra ikinci sarı vərəqəni alaraq meydandan qovuldu. Epizodun davamında “Mançester Yunayted” penalti qazandı.
57-ci dəqiqədə topun arxasına keçən Bruno Fernandeş dəqiq zərbə ilə hesabı bərabərləşdirdi. 65-ci dəqiqədə isə portuqaliyalı futbolçu bu dəfə məhsuldar ötürmə ilə yadda qaldı, Benjamin Şeşko isə fərqlənərək meydan sahiblərini önə keçirdi. Şeşko son 8 oyunda vurduğu 7 qolla əla formasını davam etdirir:
Man Yunayted 2 - 1 Kristal Pelas
M. Lacroix 4’
B. Fernandeş 57’ (p)
B. Şeşko 65’
Qollar: https://t.me/doxsanplus/114923
Maykl Kerrikin rəhbərliyi altında Premyer Liqada 7-ci oyununa çıxan “Mançester Yunayted” bu müddətdə 6-cı qələbəsini qazandı və məğlubiyyət almadı.
Xallarını 51-ə çatdıran mankunianlılar turu 3-cü pillədə başa vurmağı təmin etdi. Son 3 matçda ikinci məğlubiyyətini alan “Kristal Pelas” isə 35 xalla yerində qaldı.
Növbəti turda “Mançester Yunayted” səfərdə “Nyukasl Yunayted”in qonağı olacaq. “Kristal Pelas” isə “Tottenhem”lə səfər oyununa çıxacaq.
© Copyright 2026, All Rights Reserved