"Mançester Yunayted" köhnə tanışın qapısını döydü
Ole Qunnar Sulşerin adı yenidən “Mançester Yunayted”lə hallanır. İngilis klubunun Ruben Amorimlə yollarını ayırmasından sonra norveçli mütəxəssisin bu posta müvəqqəti əsasda hazır olduğu iddia edilib.
90plus.az xəbər verir ki, ötən ilin avqust ayında “Beşiktaş”la yollarını ayırdıqdan sonra işsiz qalan Ole Qunnar Sulşer “Mançester Yunayted”in gündəminə düşüb. Amorimin gedişindən sonra klubun U18 komandasının baş məşqçisi Darren Fleçer müvəqqəti olaraq əsas komandanın sükanı arxasına gətirilsə də, İngiltərə mətbuatına görə “Qırmızı şeytanlar” mövsümün sonuna qədər çalışacaq başqa bir variant axtarır.
“Manchester World” nəşrinin xəbərinə əsasən, Ole Qunnar Sulşer mövsümün sonuna qədər “Mançester Yunayted”in baş məşqçisi postunu müvəqqəti olaraq qəbul etməyə müsbət yanaşır. Norveçli mütəxəssisin rəsmi namizədlər siyahısında olub-olmadığı hələlik dəqiqləşməsə də, danışıqlara açıq olduğu vurğulanır.
52 yaşlı çalışdırıcı “Beşiktaş”ın “Lozanna”ya məğlub olaraq Konfrans Liqasından kənarlaşdırıldığı oyundan sonra vəzifəsindən uzaqlaşdırılmışdı. Hazırda Sulşer UEFA-da matç analitiki kimi fəaliyyət göstərir.
Ole Qunnar Sulşer 2018-ci ilin dekabrından 2021-ci ilin noyabrına qədər də “Mançester Yunayted”də baş məşqçi kimi çalışıb.
© Copyright 2026, All Rights Reserved