"Mançester Yunayted"in qapıçısı yenidən Super Liqada
90plus.az xəbər verir ki, 2023-cü ilin sentyabrında "Fənərbağça"dan ayrılaraq "Mançester Yunayted"ə transfer olunan türkiyəli qapıçı Altay Bayındır yenidən Türkiyə Super Liqasına qayıdır. 27 yaşlı əlcək üçün bir müddətdir danışıqlar aparan "Beşiktaş" rəhbərliyinin transferi uğurla yekunlaşdırdığı bildirilir.
Ara transfer dönəmində də Altay Bayındırı heyətinə qatmaq istəyən "Beşiktaş" həmin vaxt istədiyinə nail ola bilməmişdi. Lakin transfer pəncərəsinin bağlanmasına baxmayaraq danışıqları davam etdirən "ağ-qaralar" sonda "Mançester Yunayted" və futbolçunun özü ilə bütün məsələlərdə razılığa gəlib.
Məlumata görə, tərəflər arasında tam anlaşma əldə olunub və Altay Bayındır yay transfer dönəmi açılan kimi rəsmi müqaviləyə imza atacaq. Qapıçının illik maaşının 2 milyon avro olacağı, transfer haqqı üçün isə təxminən 5 milyon avro ödəniləcəyi gözlənilir.
Altay Bayındır cari mövsümdə "Mançester Yunayted"in heyətində 6 oyunda meydana çıxıb. Türk qapıçı bu görüşlərin heç birində qapısını toxunulmaz saxlaya bilməyib və ümumilikdə 11 top buraxıb.
Beləliklə, təcrübəli qolkiper yeni mövsümdən etibarən yenidən Super Liqada çıxış edəcək və bu transfer indidən mövsümün ən səs-küylü keçidlərindən biri kimi qiymətləndirilir.
© Copyright 2026, All Rights Reserved