Maradona vaxtı ilə Perezə təklif veribmiş: "Beyli satın, onu alın"
Dieqo Maradonanın “Real Madrid”ə Mbappe tövsiyəsi – Əfsanənin 2017-ci ildə dedikləri bu gün gündəm oldu.
90plus.az xəbər verir ki, futbol tarixinin ən böyük əfsanələrindən biri sayılan Dieqo Maradona 2017-ci ildə gənc Kilian Mbappenin istedadını xüsusi vurğulamış və “Real Madrid” rəhbərliyinə onu transfer etməyi tövsiyə etmişdi.
Argentina əfsanəsi həmin il FIFA tədbirlərindən birində “Real Madrid”in prezidenti Florentino Perezlə görüşərkən, komandanın ulduzu Qaret Beylin satılmasını və onun yerinə “Monako”da parlayan Mbappenin alınmasını məsləhət görmüşdü.
O dövrdə Mbappe “Monako”da 60 oyuna 27 qol və 16 qol ötürməsi ilə Avropanın nəhəng klublarının diqqətini cəlb edirdi.
Ortaya çıxan görüntülərdə Maradona belə deyirdi:
“Mbappe mənim üçün futbolun böyük kəşfidir. Məncə, o, bir çox oyunçunu üstələyə bilər. Perez niyə onu transfer etmədi? Mən ona demişdim! Bu, FIFA-da görüşdüyümüz vaxt idi.
O mənə dedi ki, ‘amma bilirsən ki, məndə Kriştiano var’. Beyli satın, hətta verin getsin. O, hansısa alış-verişdə əvəz oyunçu ola bilər. O, “Milan” və ya “İnter”də oynayar. Amma onlar Mbappeni almalı idilər.”
© Copyright 2025, All Rights Reserved