Mark Kukurelya “Real”la əl sıxışdı
Nəhəng media yayımlarından iddia: “Real Madrid” Kukurelya ilə razılığa gəlib.
90plus.az xəbər verir ki, “Real Madrid”in yay transfer pəncərəsində müdafiə xəttini gücləndirmək üçün növbəti addımını atdığı bildirilir.
Mundo Deportivo, Fabrisio Romano və digər nəhənglərin yaydığı məlumata görə, Madrid təmsilçisi “Çelsi”nin ispaniyalı sol cinah müdafiəçisi Mark Kukurelya ilə şifahi razılıq əldə edib. İddialara əsasən, futbolçu Dünya Çempionatından sonra “Santyaqo Bernabeu”ya yollanacaq.
27 yaşlı müdafiəçinin London klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədə olsa da, onun cari transfer dönəmində Premyer Liqanı tərk etməyə açıq olduğu vurğulanır. Daha əvvəl futbolçu ilə “Barselona” və “Atletiko Madrid”in də maraqlandığı, hətta Madridin digər təmsilçisi ilə danışıqların yekun mərhələyə çatdığı qeyd olunurdu.
Mənbənin iddiasına görə, “Real Madrid”in son anda prosesə qoşulması vəziyyəti dəyişib. Transferin təxminən 50 milyon avroya başa gələcəyi gözlənilir.
Bildirilir ki, Madrid klubu müdafiənin sol cinahı üçün əvvəlcə Yoşko Qvardiolu əsas namizəd kimi nəzərdən keçirib. Lakin xorvatiyalı futbolçunun “Mançester Siti” ilə yeni müqavilə imzalamağa yaxın olması səbəbindən diqqət digər variantlara yönəlib.
“Arsenal”ın müdafiəçisi Rikkardo Kalafyori də namizədlər arasında göstərilsə də, son məlumatlara əsasən, Mark Kukurelya hazırda “Real Madrid”in əsas hədəfinə çevrilib.
Hələlik tərəflər arasında mümkün keçidlə bağlı rəsmi açıqlama verilməyib.
© Copyright 2026, All Rights Reserved