Toy qalmaqalı Edeqoru Norveç mediası ilə məhkəməyə apardı!

“Arsenal”ın kapitanı, norveçli futbolçu Martin Edeqor şəxsi həyatına aid icazəsiz foto çəkilməsi ilə bağlı Norveçin iki tanınmış media orqanına – Se og Hør və Dagbladet-ə qarşı hüquqi mübarizəyə başlayıb.
90plus.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin vəkili Tim Louls bu məsələyə görə Se og Hør redaktoru Niklas Kokkin-Toresenə rəsmi məktub göndərib. Məktubda futbolçunun Böyük Britaniyada yeni aldığı ailə evinin fotolarının və detallı məlumatlarının yayımlanmasına etiraz bildirilib.
Bu hadisə Edeqorun həyat yoldaşı Helen Spilling ilə Oslo şəhərindəki toy mərasiminin Se og Hør-ə bağlı bir fotoqraf tərəfindən pozulmasından bir neçə gün sonraya təsadüf edir. Təhlükəsizlik xidməti həmin fotoqrafı zorla tədbirdən uzaqlaşdırıb.
Məsələ Norveçdə geniş rezonansa səbəb olub. Norveç Redaktorlar Assosiasiyası fotoqrafa qarşı münasibəti qınayıb və Se og Hør-ün polisə müraciət qərarını dəstəklədiyini açıqlayıb.
Məlumat üçün bildirək ki, Edeqorla Helen Spilling hələ 2024-cü ilin noyabrında rəsmi nikaha daxil olublar və dekabrda övlad sahibi olublar. Amma bu yaxınlarda Osloda keçirilən mərasimlə toylarını geniş formada qeyd ediblər. Tədbirdə Bukayo Saka, Kay Haverts və Leandro Trossard da daxil olmaqla bir neçə “Arsenal” oyunçusu iştirak edib.
Se og Hør media isə mövqeyində israrlıdır. Nəşr iddia edir ki, fotoqraf ictimai yerdə və açıq tədbiri işıqlandırıb, bu səbəbdən oradan uzaqlaşdırılması əsassızdır. Redaktor Kokkin-Toresen məsələni “soyuqqanlılıqla” qarşıladıqlarını və məqalələri saytdan silməyəcəklərini bildirib. Nəşr, əksinə, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini deyib.
© Copyright 2025, All Rights Reserved