Massimiliano Alleqri müjdələdİ: Luka Modriç "Milan"a gəlir

İtaliyanın "Milan" klubunun yeni baş məşqçisi Massimiliano Alleqri xorvat ulduz futbolçu Luka Modriçin avqust ayında komandaya qoşulacağını açıqlayıb.
90plus.az xəbər verir ki, mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Alleqri 39 yaşlı təcrübəli yarımmüdafiəçini “möhtəşəm bir oyunçu” kimi qiymətləndirib və onun gələn aydan etibarən "Milan" heyətində yer alacağını bildirib.
57 yaşlı məşqçi orta xəttdə zəngin seçimə malik olduqlarını deyərək əlavə edib: “Yarımmüdafiə mövqeyində onunla yanaşı Samuele Ricci, Ruben Loftus-Cheek, Youssouf Fofana, Uarren Bondo və Yunus Musah kimi adlar da olacaq. Hamısı əla futbolçulardır, üçlü sistemlə oynayacağıq və onları fərdi xüsusiyyətlərinə uyğun seçəcəyəm.”
2012-ci ildə İngiltərənin "Tottenhem" klubundan İspaniyanın "Real Madrid" klubuna transfer olunan Luka Modriç Madrid təmsilçisi ilə 6 dəfə UEFA Çempionlar Liqasının, 5 dəfə FIFA Klub Dünya Kubokunun və 4 dəfə La Liqa çempionatının qalibi olub.
Modriç "Real Madrid" forması ilə 596 oyuna çıxaraq 43 qol vurub. O, 2018-ci ildə "Ballon d'Or" və FIFA-nın "İlin ən yaxşı kişi futbolçusu" mükafatına da layiq görülüb.
© Copyright 2025, All Rights Reserved