“Matça final oyunu kimi hazırlaşmışıq” Qurban Qurbanov
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xorvatiyanın "Dinamo Zaqreb" klubu ilə keçirəcəyi Çempionlar Liqasının cavab pley-offundan öncə mətbuat konfransında danışıb.
90plus.az xəbər verir ki, mütəxəssis futbolçularının karyeralarının ən yaxşı oyununu göstərməli olduğunu qeyd edib. 52 yaşlı mütəxəssis oyunun vacibliyinə diqqət çəkib:
"Qarşılaşmanın mahiyyəti bəllidir. Bizim üçün olduqca vacib oyundur. Hesabda geridə olsaq da, əsas mərhələyə vəsiqə qazanmaq şansımız var. İnamımız böyükdür, yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, azarkeşlərimiz görüşdən narazı qalmasınlar. Matça final oyunu kimi hazırlaşmışıq. Rəqibimizi yaxşı tanıyırıq, güclü komandadır. Futbolçularım karyeralarının ən yaxşı oyununu göstərməlidirlər".
Məğlubiyyət olsa: "Əgər hər məğlubiyyəti faciə kimi düşünəcəyiksə, bu sahədə işləməyə dəyməz. Çünki idmanda qələbə, məğlubiyyət, bərabərlik olur. Bunlara hazır olmalıyıq. Biz ümumi işimizə dəyər verməliyik. Bir şeyə əmin olmuşam ki, biz hər oyuna çox məsuliyyətlə yanaşmışıq. Geridə nəsə alınmayıbsa, məsuliyyətsizlikdən bir şey olmayıb. Sadəcə burada rəqibin üstünlüyü və ya hansısa digər detallar olub. Hər bir halda, məğlub oluruqsa, nəticə çıxarırıq. Sabah qalib gəlmək istəyirik. Vaxtımız var, məğlub olmaq istəmirik".
Necə oynamalı? "Qarşımızda hesabda 3:0 öndə olan, böyük təcrübəyə malik "Dinamo" var. Bəzən təkcə cəsarət, istək olanda "yana" bilərik, istəyimiz alınmaya bilər. Rəqibi çox yaxından tanımalıyıq. Sabah mütləq şəkildə rəqibə təzyiq etməliyik. Amma bunu ağıllı etmək lazımdır. Çünki səfərdə rəqibin əks-hücumlarda necə təhlükəli olduğunu gördük. Buna hazır olmalıyıq. Onlar da buna hazırlaşıb. Açıqlamalarından bunu görürəm. Tam əksi də ola bilər. Yəni rəqib də bizə təzyiq göstərə bilər. Bunların hamısına hazır olmalı, istənilən təzyiqə dözməliyik. Ağıllı və cəsarətli olmalıyıq. Hazırlıq buna doğru gedir. Etdiklərimizi daha da yaxşılaşdırmalıyıq. Səfərdə xeyli sayda qol epizodlarımız oldu. "Dinamo"nun qapıçısı da yaxşı oynadı. Görünən odur ki, daha səliqəli, daha dəqiq oynamağa çalışmalıyıq".
Mətbuat konfransı VİDEO: https://t.me/doxsanplus/87969
Qeyd: "Qarabağ - Dinamo" matçı sabah - 28 avqust saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. İlk oyun 3:0 rəqibin xeyrinə yekunlaşıb.