Mehdi Taremi: “Heç kim mənə futboldan sual vermir”
Mehdi Taremi jurnalistlərdən narazı qaldı: “Heç kim mənə futbol barədə sual vermədi”.
90plus.az xəbər verir ki, İran millisinin kapitanı Mehdi Taremi Dünya Çempionatı-2026-nın qrup mərhələsində Yeni Zelandiya ilə keçiriləcək oyun ərəfəsində mətbuat konfransında maraqlı açıqlamalar verib.
Təcrübəli hücumçu jurnalistlərin futbol mövzusundan daha çox siyasi məsələlərə üstünlük verməsindən narazı qaldığını bildirib.
Taremi diqqətin qarşıdakı oyuna yönəldilməli olduğunu vurğulayıb:
“Mətbuat konfransında heç kim mənə futbol barədə sual vermədi… Halbuki sabah çox yaxşı komandaya - Yeni Zelandiyaya qarşı oynayacağıq. Ümid edirəm ki, yaxşı oyun olacaq. Siyasətə gəlincə isə, siyasi mətbuat konfransları üçün jurnalistlər başqa şəhərlərə getməlidirlər. Biz Yeni Zelandiyaya böyük hörmətlə yanaşırıq və matçın yaxşı keçməsini istəyirik”.
İran millisinin liderlərindən olan Taremi komandasının diqqətini yalnız meydandakı mübarizəyə yönəltdiyini qeyd edib. Hücumçu Yeni Zelandiya yığmasına hörmətlə yanaşdıqlarını və azarkeşlərin maraqlı qarşılaşma izləyəcəyinə ümid etdiyini söyləyib.
Qeyd: İran və Yeni Zelandiya yığmaları arasında keçiriləcək Dünya Çempionatı oyunu iyunun 16-da ABŞ-da baş tutacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 05:00-da səslənəcək.
© Copyright 2026, All Rights Reserved