Messi Hindistana səfər etdi - Azarkeşlər stadiona girdi - FOTO
Messinin Hindistan səfərində böyük qalmaqal yaşandı.
90plus.az xəbər verir ki, karyerasını MLS təmsilçisi “İnter Mayami”də davam etdirən və bu mövsüm çempionluq sevinci yaşayan Lionel Messi “GOAT Tour” adlı tədbirlər silsiləsi çərçivəsində Hindistana səfər edib. Argentinalı ulduz bu turda komanda yoldaşları Luis Suares və Rodriqo De Paul ilə birlikdə müxtəlif tədbirlərdə iştirak edir.
Hindistanda Messi üçün hazırlanan heykəlin açılış mərasimində iştirak edən futbolçu səfər proqramı çərçivəsində gənc futbolçular üçün təlimlərə, padel turnirinə, konsertlərə, eləcə də Heydərabad, Mumbay və Yeni Dehlidə keçirilən tədbirlərə qatılacaq.
Lakin turun ilk günü Messinin iştirak etdiyi stadion tədbiri böyük insidentlə yadda qalıb. Qısa müddət tədbirdə qalan Lionel Messi daha sonra stadionu tərk edib. Buna baxmayaraq, saatlarla gözləməsinə və bilet almasına rəğmən Messini yaxından görə bilməyən azarkeşlər əsəblərinə hakim ola bilməyib.
Hadisələr Messinin stadiondan ayrılmasından sonra daha da gərginləşib. Azarkeşlər meydançaya şüşələr atıb, oturacaqları sökərək sahəyə tullayıb, bir çox insan isə meydana daxil olub. Nəticədə stadiona ciddi ziyan dəyib.
Qalmaqallı olaydan sonra Qərbi Benqal ştatının baş naziri Mamata Banerci sosial şəbəkə hesabında paylaşım edərək Lionel Messidən və futbolsevərlərdən üzr istəyib. O bildirib ki, hadisə ilə bağlı istintaq komissiyası yaradılıb.
Banerci paylaşımında qeyd edib:
“Bu gün Salt Leyk stadionunda baş verən xoşagəlməz hadisələr məni dərindən sarsıtdı. Yaşananlara görə Lionel Messidən, bütün idmansevərlərdən və azarkeşlərdən səmimi şəkildə üzr istəyirəm. Hadisənin bütün detalları araşdırılacaq, günahkarlar müəyyən ediləcək və gələcəkdə oxşar halların qarşısını almaq üçün zəruri tədbirlər görüləcək.”