Mikayıl Cabbarov yenidən Federasiya Prezidenti seçildi
Mikayıl Cabbarov növbəti 4 il üçün Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib.
90plus.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının (AGF) Ümumi Yığıncağı keçirilib. Tədbirin əsas məqsədi federasiyanın son 4 illik fəaliyyəti, gələcək planlar və güləş sahəsində görüləcək işlərin müzakirəsi, həmçinin İcraiyyə Komitəsinin tərkibinə seçkilərin keçirilməsi olub.
Yığıncaqda AGF prezidenti Mikayıl Cabbarov çıxış edərək dövlət başçısının rəhbərliyi altında Azərbaycanda idmanın, xüsusilə güləşin inkişafı istiqamətində atılan addımlar, gənc istedadların yetişdirilməsi, idmançıların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və beynəlxalq uğurların artırılması ilə bağlı görülən işləri diqqətə çatdırıb.
Yetərsay müəyyənləşdirildikdən sonra mandat komissiyasının üzvləri və Ümumi Yığıncağın iştirakçıları təsdiqlənib. Daha sonra AGF baş katibi Pərvin Piriyev federasiyanın son 4 illik fəaliyyəti barədə hesabat verib.
Baş katib bildirib ki, bu müddət ərzində Bakıda yunan-Roma güləşi üzrə Dünya Kuboku, “Paris-2024” Olimpiadasına seçim xarakterli Avropa Təsnifat turniri və U-23 Avropa çempionatı yüksək səviyyədə təşkil olunub. 2022–2025-ci illər ərzində müxtəlif beynəlxalq yarışlarda milli komandalar 1031 medal qazanıb: 293 qızıl, 292 gümüş və 446 bürünc. Həmçinin müxtəlif yaş qruplarında komandalar dəfələrlə Avropa və dünya çempionatlarının ilk üçlüyündə yer alıb. Yunan-Roma güləşçilərimiz 2023 və 2024-cü illərdə dünyanın ən güclü komandası statusunu qazanıblar.
Federasiya maddi-texniki bazanı gücləndirmək üçün bir sıra infrastruktur layihələri həyata keçirib, kütləviliyin artırılması üçün intensiv təbliğat işləri aparıb, titullu güləşçilərin iştirakı ilə ustad dərsləri və məşqçilər üçün ümumrespublika seminarları təşkil edib. Aşağı yaş qruplarında güləşin inkişafına xüsusi diqqət göstərilib ki, bu da U15 və U17 komandalarının uğurlarında özünü göstərib.
Yığıncaqda Dünya Güləş Birliyinin (UWW) Büro üzvü Namiq Əliyev vitse-prezident, İcraiyyə Komitəsinin üzvləri isə səsvermə yolu ilə müəyyən olunub: Mikayıl Cabbarov, Namiq Əliyev, Namiq Abdullayev, Fərid Mansurov və Vasif Məmmədov.
Tədbirdə çıxış edən Çingiz Hüseynzadə və Elnur Məmmədov ölkədə idmanın inkişafı istiqamətində həyata keçirilən layihələrdən və idmançıların beynəlxalq səviyyədə uğur qazanması üçün yaradılan imkanlardan söz açıblar.
Yekun nitqində Mikayıl Cabbarov qarşıdakı 4 ildə qoyulan hədəfləri və fəaliyyət istiqamətlərini açıqlayıb, güləşçilərə məşqlərdə və yarışlarda yeni uğurlar arzulayıb.