“Milan” Milanı istəyir, “Fənər” YOX deyir
“Milan” Milan Şkrinyarla maraqlanır, “Fənərbağça” isə qapını bağlayıb.
90plus.az xəbər verir ki, İtaliya A Seriyası təmsilçisi “Milan” “Fənərbağça”nın slovakiyalı mərkəz müdafiəçisi Milan Şkrinyarı transfer siyahısına daxil edib. Sky Italia jurnalisti Canluka Di Martsionun məlumatına görə, qış transfer pəncərəsində heyətinə stoper qatmaq istəyən “rossoneri” Şkrinyarı əsas namizədlərdən biri kimi dəyərləndirir.
Xəbərdə bildirilir ki, “Milan” transferi ilkin mərhələdə icarə əsasında reallaşdırmaq niyyətindədir. Lakin Şkrinyarın “Fənərbağça”da kapitan olması və mütəmadi əsas heyətdə çıxış etməsi bu keçidin hazırda çətin görünməsinə səbəb olur.
Digər tərəfdən, İstanbul klubu mövqeyini açıq şəkildə ortaya qoyub. “Fənərbağça” rəhbərliyi Milan Şkrinyarın yanvar transfer pəncərəsində toxunulmaz futbolçu olduğunu, onun ayrılığı ilə bağlı heç bir danışıqların aparılmayacağını bildirib. Klub slovak müdafiəçinin layihənin əsas hissəsi olduğunu və komandadan getməyəcəyini vurğulayıb.
Qeyd: Bazar dəyəri 11 milyon avro göstərilən Milan Şkrinyarın “Fənərbağça” ilə daha 3,5 illik müqaviləsi mövcuddur. O, ötən mövsümün ikinci yarısında icarə əsasında komandaya qoşulub, cari mövsümün əvvəlində isə 6 milyon avro qarşılığında PSJ-dən tam transfer olunub.
ℹ️ Şkrinyar “Fənərbağça” forması ilə indiyədək 49 oyuna çıxıb, 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli müdafiəçi bu matçlarda ümumilikdə 4434 dəqiqə meydanda olub və 10 sarı vərəqə alıb.
© Copyright 2026, All Rights Reserved