Milli komandamızdan Avropada 4-cü zəfər

Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən U-23 Avropa çempionatında sərbəst güləş yarışları başa çatıb.
90plus.az xəbər verir ki, Azərbaycan millisi möhtəşəm nəticələr əldə edərək ardıcıl dördüncü dəfə komanda hesabında Avropa çempionu tituluna yiyələnib.
Azərbaycan sərbəst güləşçiləri ilk dəfə 2022-ci ildə bu turnirdə qızıl medal qazandıqdan sonra dörd il ərzində liderliyini qoruyub. Bu ilki çempionat isə rekord nəticələrlə diqqət çəkib. Yığmamız həm ümumi xal göstəricisinə, həm qazanılan medalların, həm də finalçılarımızın sayına görə öz rekordunu yeniləyib.
Belə ki, Azərbaycan komandası ilk dəfə yarışın 10 çəki dərəcəsindən 9-da medal əldə edib. Üstəlik, beş sərbəst güləşçimiz ilk dəfə Avropa çempionatının finalına yüksəlib. Ümumilikdə 169 xal toplayan milli komanda özünün yeni rekordunu müəyyənləşdirib və ən yaxın izləyicisi Türkiyəni 52 xal qabaqlayıb. Üçüncü yeri isə 104 xalla Ukrayna yığması tutub.
Qeyd: Millimizin heyətində Arseniy Djioyev (86 kq) qızıl, Ceyhun Allahverdiyev (61 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq) və Fərid Cabbarov (79 kq) gümüş, Rəhman İmanov (57 kq), Murad Haqverdiyev (65 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıb.
© Copyright 2025, All Rights Reserved