Məşhur türkiyəli baş məşqçi 1 həftə içində hər iki valideynini itirdi
Türkiyəli baş məşqçi Ərsun Yanal 1 həftə içində əvvəlcə anasını, sonra atasını dəfn etdi.
90plus.az xəbər verir ki, Türkiyə milli komandası və "Fənərbağça", "Trabzonspor" kimi bir çox klublarda baş məşqçilik etmiş Ərsun Yanal 9 aprel tarixində anası Bahriyə Yanalı itirmişdi. Anasını vətəni Dənizlidə torpağa verən Yanal bir həftə sonra atasının itkisi ilə də üzləşdi. Ərsun Yanalın atası Ural Yanal da 87 yaşında vəfat etdikdən sonra həyat yoldaşının yanında dəfn olunması üçün nəşi Dənizliyə gətirildi.
Yaxınları tərəfindən təhvil alınan cənazə Pamukkale rayonundakı Asri Qəbiristanlıq Camesinə gətirildi. Ərsun Yanal burada başsağlıqları qəbul etdi. Ata Yanalın nəşi günorta vaxtı qılınan cənazə namazından sonra həyat yoldaşının yanına dəfn olundu.
Cənazə mərasimində Dənizli Böyükşəhər Bələdiyyə Başçısı Bülənt Nuri Çavuşoğlu, Dənizli Böyükşəhər Bələdiyyə Başçı Vəkili Ali Marım, Dənizli Rayon Polis İdarəsinin rəisi Yavuz Sağdıç, ailənin yaxınları və vətəndaşlar iştirak etdilər.
© Copyright 2025, All Rights Reserved