Mundiala buraxılmayan hakim maaşını bütöv alacaq
ABŞ-yə - mundiala buraxılmayan somalili hakimə FİFA-dan dəstək: bütün qonorarını alacaq.
90plus.az xəbər verir ki, 2026-cı il Dünya Çempionatında oyun idarə etməli olan somalili hakim Omar Abdulkadir Artan turnirə qatıla bilməsə də, FİFA ona tam qonorarını ödəyəcək.
BBC Sport-un yaydığı məlumata görə, ABŞ-yə girişinə icazə verilmədiyi üçün Dünya Çempionatında heç bir oyunda iştirak etməyəcək Artan yenə də turnir üçün nəzərdə tutulan bütün ödənişi alacaq. Mənbələrin bildirdiyinə görə, FİFA hakimin maaşını tam şəkildə ödəməyi öhdəsinə götürüb.
Qeyd: Dünya Çempionatında çalışan hakimlər alacaqları yekun məbləği əvvəlcədən bilmirlər. Turnirin qonorarları yarış başa çatdıqdan sonra ödənilir.
34 yaşlı somalili referi ABŞ-yə etibarlı vizaya malik olmasına baxmayaraq ölkəyə buraxılmamış və bunun nəticəsində Dünya Çempionatındakı vəzifəsini yerinə yetirə bilməmişdi.
Bununla belə, Artan yaxın vaxtda nüfuzlu qarşılaşmada iş başında olacaq. Afrika Futbol Konfederasiyası (CAF) tərəfindən 2025-ci ilin ən yaxşı hakimi seçilən referi 12 avqustda Avstriyanın Zalsburq şəhərində keçiriləcək UEFA Superkuboku oyununu idarə edəcək. Həmin görüşdə PSJ ilə "Aston Villa" üz-üzə gələcək. UEFA bu təyinatı CAF ilə əməkdaşlıq çərçivəsində həyata keçirib.
© Copyright 2026, All Rights Reserved