Murad Məmmədov rəsmən “Pafos”da !
Murad Məmmədovun karyerasını Kiprdə davam etdirəcəyi rəsmiləşdi! Klub onu elan etdi!
90plus.az xəbər verir ki, Azərbaycanın gənc futbolçularından Murad Məmmədov karyerasında yeni səhifə açıb. U-21 millisinin üzvü Kiprin “Pafos” klubuna transfer olunub.
Klubun rəsmi açıqlamasına əsasən, 20 yaşlı cinah oyunçusu ilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb.
“Neftçi”nin yetirməsi olan Murad son illərdə göstərdiyi çıxışlarla diqqət çəkməyi bacarıb. Bakı təmsilçisinin akademiyasında formalaşan futbolçu daha sonra əsas komandaya yüksələrək peşəkar səviyyədə təcrübə qazanıb.
“Pafos” transferlə bağlı bəyanatında Məmmədovu Azərbaycan futbolunun ən perspektivli gənc oyunçularından biri kimi xarakterizə edib. Klub rəhbərliyi futbolçunun həm daxili yarışlarda, həm də beynəlxalq arenada vacib təcrübə topladığını vurğulayıb.
Kipr çempionu bu keçidin gənc və inkişaf potensialı yüksək olan futbolçulara yatırım strategiyasının tərkib hissəsi olduğunu bildirib. Klub hesab edir ki, Murad Məmmədov gələcəkdə komandanın uğurlarına ciddi töhfə verə biləcək oyunçulardan biridir.
“Pafos” sonda azərbaycanlı futbolçunu ailəsinə qoşulan yeni üzv kimi salamlayaraq ona uğurlu karyera arzulayıb.
© Copyright 2026, All Rights Reserved