“Napoli - Qarabağ” haqda Konte: “Sabahkı oyun bizim üçün həlledicidir”
“Napoli” – “Qarabağ” oyunu öncəsi Antonio Kontedən açıqlama gəldi: "Qələbəni Maradonaya həsr etmək istəyirik".
90plus.az xəbər verir ki, “Napoli”nin baş məşqçisi Antonio Konte sabah UEFA Çempionlar Liqasının Liqa mərhələsində (5-ci tur) “Qarabağ”la qarşılaşacaqları vacib duel barədə danışıb.
Neapollular 4 turdan sonra cəmi 4 xal toplayıb və evdə keçiriləcək bu matç onlar üçün xüsusi əhəmiyyət daşıyır. Konte oyunun həm də əfsanəvi Dieqo Maradonanın vəfatının beşinci ildönümünə təsadüf etdiyini qeyd edərək, qələbəni futbol ikonası Maradonaya həsr etmək istədiyini bildirib:
“Əlbəttə, Maradonanın anım günüdür. Onun Neapol üçün nə demək olduğunu hamı bilir. Qalib gəlsək, bunu ona həsr etmək gözəl olar.”
Konte həmçinin zədəlilər barədə açıqlama verib. Romelu Lukaku avqustdan bəri, Kevin De Brüyne, Frank Angissa, Aleks Meret, Leonardo Spinatsola və Billi Gilmor son həftələrdə sıradan çıxıb. “Atalanta” matçında Amir Rrahmani və Rasmus Höjlund da əvəzlənib, lakin Konte onların “Qarabağ” oyununa hazır olacağını bildirib:
“Təəssüf ki, bəzi şeyləri məşqçi kimi idarə edə bilirsən, bəzi şeyləri yox. Mövsümün əvvəlindən zərurətdən çıxış edərək vəziyyəti yola verməyə çalışırıq. İstərdim ki, tibbi heyət vəziyyəti daha çox izah etsin, çünki bu, onların sahəsidir. Bu, əzələ zədəsi deyil və bərpa müddətini mən dəqiq deyə bilmirəm.”
Zədələr səbəbindən son turda üç müdafiəçi ilə oynadıqlarını xatırladan Konte əlavə edib:
“Dəyişiklik məcburiyyətdən irəli gəldi. Oyunçuları ən doğru mövqelərdə yerləşdirmək üçün belə qərar verdik. Müdafiədə bir sistem, hücumda başqa sistem tətbiq edə bilərik.”
Romelu Lukakunun növbəti A Seriya matçında meydana çıxıb-çıxmayacağı barədə sualı cavablayan Konte bunu təsdiqləməyib:
“O, hələ tam hazır deyil və çox çalışmalıdır. Lukaku beynəlxalq səviyyədə tanınmış, komandaya çox önəmli oyunçudur. Hazır olanda meydanda da, paltardəyişmə otağında da çox şey qatacaq. Uzun müddət Belçikada müalicə almalı oldu.”
Konte bildirib ki, sabahkı oyun onların turnirdəki vəziyyəti baxımından həlledici olacaq:
“Sabahkı oyun “Napoli” üçün UEFA Çempionlar Liqasında vacib və həlledicidir. “Atalanta” üzərində qələbə bizə yaxşı cavablar verdi. “Qarabağ”a qarşı diqqətli olmaq lazımdır. Oyunun 95 dəqiqə davam etdiyini nəzərə alaraq qiymətləndirmələr aparacağam”.
İtaliyalı mütəxəssis rəqibi yüksək dəyərləndirib:
“Biz düzgün enerji ilə gəlirik. Şənbə günü “Atalanta”ya qarşı çıxışımız əla idi. İndi enerjimizi bərpa edib oyuna hazırlaşırıq. “Qarabağ”ın UEFA Çempionlar Liqasının sürpriz komandası olduğunu düşünürəm: 7 xalı var, “Çelsi” ilə 2:2 oynayıb, “Benfika” və “Kopenhagen”i məğlub edib. “Qarabağ” yüksək tempdə oynayacaq. Biz çox diqqətli və yüksək enerji ilə çıxış etməliyik”.
Sonda Konte komandasını motivasiya edərək belə deyib:
“Bu vəziyyətdə hamımız dəbilqələrimizi taxmalıyıq.”
ℹ️ “Napoli” – “Qarabağ” qarşılaşması sabah - noyabrın 25-də “Stadio Diego Armando Maradona”da, saat 00:00-da start götürəcək. İctimai TV ilə canlı yayımlanacaq.