"Neftçi" klubunun rəhbərliyi azarkeşlərə su butulkası tullayan fransalı legioner Ervin Koffinin məvacibini kəsib və bu gün barışığa yönəlik görüş təşkil olunub.
90plus.az xəbər verir ki, bu gün "Neftçi" Futbol Mərkəzində "Forza Neftçi" azarkeş qrupunun fəal üzvləri, klub nümayəndələri - baş icraçı direktor Cenk Sümer, media üzrə koordinator Rüstəm Əfsərli və futbolçu Ervin Koffinin iştirakı ilə görüş keçirilib. Bu görüşdə "Səbail"lə son qarşılaşmadan sonra baş verənlər müzakirə edilib.
Ervin Koffi oyundan sonra azarkeşlərlə arasında keçən xoşagəlməz insidentə görə təəssüfləndiyini bildirib, matçda sonra yorğunluq və nəticədən irəli gələn stresin gətirdiyi emosiyalarla hərəkət etdiyini, heç bir halda azarkeşlərə hörmətsizlik etmək fikrində olmadığını dilə gətirərək üzr istəyib. Azarkeşlər bunu anlayışla qarşılayaraq, futbolçunun üzrxahlığını qəbul edib, o cümlədən, tribunadan Koffiyə tərəf yad əşya atanın "Forza Neftçi" azarkeş qrupunun üzvlərindən biri olmadığını dilə gətirib.
Qeyd: Premyer Liqanın II turunda "Səbail"lə keçirilən matçdan (1:1) sonra "Neftçi" azarkeşləri futbolçuları tənqid etmək üçün tribunaya çağırıblar. Kapitan Emin Mahmudova şikayətlərini dedikləri zaman Ervin Koffi tribunadan uzaqlaşmaq istəyib. Azarkeşlər isə ondan geri qayıtmasını tələb ediblər. Əsəbiləşən müdafiəçi qarşı tərəfə istiqamətlənən su butulkası tullayıb. Bundan sonra ara qarışıb. Fanatlardan biri meydana daxil olsa da, polis və təhlükəsizlik xidmətinin əməkdaşları müdaxilə edərək, hadisənin böyüməsinin qarşısını alıblar.
© Copyright 2024, All Rights Reserved