"Neftçi" - "Kəpəz": Baş məşqçilərin fikirləri
Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Neftçi 1 - 0 Kəpəz" matçından sonra baş məşqçilər öz fikirlərini söyləyiblər.
90plus.az hər iki çalışdırıcının mətbuat konfransındakı sözlərinin xülasəsini təqdim edir.
Azər Bağırov, "Kəpəz":
"Maraqlı oyun keçdi. Qollarımızı vura bilmədik. "Neftçi" ilə matçlarda şanssızlıq anları çox olur. Daha çox qol epizodlarını bu matçlarda yaradırıq. Bunun üzərində işləməliyik. Dinamik matç keçdi. Təəssüf ki, uduzduq. Material hər bir oyunda var. Bu mövsüm dörd dəfə "Neftçi" ilə qarşılaşmışıq. Bəzi şeyləri analiz etməyə dəyməz. Dediyimiz səhvlər var ki, qalib gəlmək üçün onları minimuma endirməliyik. Futbolçular bəzi şeyləri meydanda daha yaxşı icra etməyə başlayanda daha da yaxşı olur. Çox futbolçunun potensialını bilirik. Oyun intizamı futbolda çox önəmlidir. Son məğlubiyyətlərə səbəb odur".
Samir Abbasov, "Neftçi":
"Uşaqlar ilk dəqiqədən göstərdilər ki, hansı niyyətlə oyuna çıxıblar. Futbol haqda danışmaq çox çətindir. Məlum məsələdir. Bu cür oyunlarda xarakter önə çıxır, vuruşmalısan. Futbolçular konsentrasiyalı, yüksək səviyyədə oynadılar. Paltardəyişmə otağında onlara təşəkkür edə bilmədim. Tez geyinib, bazaya getməliyik. Sağolsunlar. Reallığı götürsək, birinci oyunda cütün taleyi bəlkə də həll olunmuşdu. Amma bu gün xarakter göstərmək də çox önəm lidi. Onu da bacardılar".
Hakim qərarları ilə bağlı: "1-2 ildir ki, referilər haqda danışmaq istəmirdim. Amma son vaxtlar verilən qərarlar, bizim matçlarda baş verən hadisələr məni narahat etməyə başlayıb. Bu hardan irəli gəlir? Hakimlər üçün də bu gün çox çətin idi, qaça-qaça meydançanı görmək... Amma elə epizodlar var ki, TV-də siz də, köhnə hakimlər də dəfələrlə vurğulayıblar. Bizə referilər seminar keçir. Hər epizod kitabdakı qədər olmur. Həmin vəziyyətə görə hər şeyi analiz edib ondan sonra qərarlar verilməlidir. Bugünkü qırmızı vərəqəyə etiraz etdim və edirəm də. Top bizim oyunçudadır. Aqressiya yox, top almaq yox. Pas verir və ayağı dəyir. Şiddət də yoxdur. VAR sistemi var. VAR-a baxa-baxa düşünməyə vaxt da olur. Sarı vərəqə də göstərmisən. Qırmızılıq bir şey yox idi, etiraz edirəm. Bir az diqqətli olmaq lazımdır. Başqa cür anlaşıla bilər. Bəzi epizodları qarşımıza qoyarlar ki, xeyrinizə qərarlar verilib. Referilərin düşdüyü vəziyyətdə kitbaba yox, həmin vəziyyətə görə qərar vermələrini istəyirəm. Qırmızı vərəqə ağır idi".