Neymar Avropaya dönür - Özü də türk klubu ilə

Türkiyənin “Fənərbağça” klubu yay transfer dönəminə damğa vuracaq möhtəşəm bir addım atmağa hazırlaşır.
90plus.az xəbər verir ki, sarı-göylər hazırda “Santos” klubunun formasını geyinən dünya şöhrətli ulduz futbolçu Neymar üçün rəsmi təklif irəli sürüb.
Rəhbərlik hərəkətə keçdi
Məlumatlara görə, “Fənərbağça” rəhbərliyi azarkeşlər arasında yaranan ümidsizliyi aradan qaldırmaq və dünya səviyyəsində səs-küy yaradacaq, forma satışlarında partlayış edəcək bir ulduzla müqavilə bağlamaq niyyətindədir. Bu məqsədlə klub Neymarı hədəfə alıb. Hazırda “Santos”da çıxış edən braziliyalı oyunçunun 2025-ci ilin sonuna qədər müqaviləsi olsa da, onun sözləşməsində yay transfer dövründə Avropa klubuna sərbəst keçid imkanı verən xüsusi maddə mövcuddur.
Yenidən səhnədə olmaq istəyir
Son illərdə yaşadığı zədələr səbəbilə formadan uzaq qalan Neymar karyerasında dönüş nöqtəsi yaşamaq niyyətindədir. 33 yaşlı futbolçunun əsas hədəfi 2026-cı ildə keçiriləcək Dünya çempionatında Braziliya millisinin heyətində yer almaqdır. Bu səbəbdən yeni mövsüm onun üçün xüsusi əhəmiyyət daşıyır.
1+1 illik təklif və digər rəqiblər
Məşhur britaniyalı jurnalist Kris Antoni bildirib ki, Neymarla yalnız “Fənərbağça” yox, həmçinin “Aston Villa” (İngiltərə) və “Marsel” (Fransa) də maraqlanır. “Santos” isə ulduz futbolçunu saxlamaq üçün yeni müqavilə təklif edib. Əlavə olaraq, daha 5 klubun Neymarla əlaqə saxladığı deyilir. “Fənərbağça” isə ona yüksək məbləğlə 1+1 illik müqavilə təklif edib.
Mövsüm göstəriciləri
Zədə səbəbilə ötən mövsümdə az oynayan Neymar cəmi 14 rəsmi matçda iştirak edib. Bu oyunlarda o, 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved